Ukrayna və Cənubi Koreya Türk Şurasına maraq göstərir
23.03.2021
Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) martın 31-də Qazaxıstanın Türküstan şəhərində keçirilməsi nəzərdə tutulan qeyri-formal sammitinin videokonfrans formatında təşkil olunması qərara alınıb. Qarabağın işğaldan azad edilməsindən sonra türkdilli dövlətlər arasında isti əlaqələrin yaranması müşahidə olunur. Türk Şurası üzv dövlətlərə və regiona hansı siyasi və iqtisadi dividentlər vəd edir?
Bu barədə açıqlama verən siyasi şərhçi Mübariz Göyüşlü bildirib ki, bir müddətdir yaradılması təklif edilən Türk İnvestisiya Fondunun qurulması, onun vasitəsilə kiçik və orta sahibkarlığın, iqtisadi əməkdaşlığın gücləndirilməsi həm təşkilatdaxili inteqrasiyaya, həm də dövlətlərin iqtisadi inkişafına böyük dəstək ola bilər:
"Türk Şurası türk dövlətlərinin birliyi istiqamətində çox ciddi fəaliyyətlər həyata keçirməkdədir. Hesab edirəm ki, martın 31-də Qazaxıstanın Türküstan şəhərində "Türk Dünyasının mənəvi paytaxtı” başlığıyla keçirilməsi nəzərdə tutulan qeyri-formal sammit də bu istiqamətdə çox ciddi töhfə verəcək. Əvvəl bu toplantının əyani şəkildə keçirilməsi planlaşdırılmışdısa, artıq rəsmi mənbələr epidemioloji vəziyyətlə əlaqədar olaraq videokonfrans formatında təşkil olunacağını açıqladılar. Toplantıda Türküstan şəhərinin "Türk Dünyasının mənəvi paytaxtı” elan ediləcəyi, yekunda "Türküstan Bəyannaməsi”nin imzalanacağı da gözlənilir. Zirvə görüşündə Türk Şurasına üzv dövlətlərin – Azərbaycan, Türkiyə, Qazaxıstan, Özbəkistan, Qırğızıstanın başçıları və təşkilatda müşahidəçi olan Macarıstanın Baş nazirinin iştirak edəcəyi planlaşdırılır. Dövlət başçıları toplantıda hər zaman olduğu kimi türk dövlətləri arasındakı əməkdaşlığın mövcud durumunu və gələcəyini müzakirə edəcəklər. Onlar regional və beynəlxalq mövzularda, o cümlədən təşkilatın fəaliyyətinin gücləndirilməsi yönümündə çalışmalarla bağlı da fikir alış-verişi edib, müvafiq qərarların qəbulunu gerçəkləşdirəcəklər. 10 ildən çoxdur ki, fəaliyyət göstərən təşkilatın regional və beynəlxaq güc mərkəzinə çevrilməsi üçün daha çox işlərin görülməsi lazımdır”.
Ekspert əlavə edib ki, bu birliyin xüsusən iqtisadi sahədə böyük fayda verəcəyini nəzərə alsaq görülməli olan işlər çoxdur:
"Bu istiqamətdə çalışmaların və fəaliyyətlərin artırılması lazımdır. İqtisadi münasibətlərin inkişafı bu dövlətlərin bir-birinə daha da yaxınlaşmasına, birliyini gücləndirməsinə ciddi töhfə olacaq. Siyasi, mədəni, ictimai və s. münasibətlərin inkişafında iqtisadi məsələlər çox ciddi rol oynayır. Ona görə də bu toplantıda iqtisadi, o cümlədən investisiyaların yatırılması istiqamətində olan məqamlara daha çox yer veriləcəyi ehtimal olunur. Artıq bir müddətdir ki, Türk İnvestisiya Fondunun qurulması üçün təkliflər səsləndirilir. Belə bir Fondun qurulması, onun vasitəsilə kiçik və orta sahibkarlığın, iqtisadi əməkdaşlığın gücləndirilməsi həm təşkilatdaxili inteqrasiyaya, həm də dövlətlərin iqtisadi inkişafına böyük dəstək ola bilər. Ona görə də toplantıda bununla bağlı qərarın verilməsi, Fondun qurulması, sahibkarlığın inkişafına və inteqrasiyaya dəstək olması çox vacibdir. Ümumən götürdükdə Türk Şurasının fəaliyyətini daha da genişləndirib, mövcud siyasi, iqtisadi, mədəni bağların üzərində hərbi əməkdaşlıq formatına keçilməsi də lazımdır. Bu həmin ölkələrin, o cümlədən təşkilatın beynəlxalq sülh və sabitliyə dəstəyi ola bilər. Lakin təşkilatın indiyə kimi gördüyü işlər, onun təşkilatlanması, Özbəkistanın üzvlüyü, Macarıstanın burada olması artıq Cənubi Koreya, Ukrayna kimi dövlətləri də həvəsləndirib. Onlar da üzvlük üçün müraciətlər edirlər. Ona görə də düşünürəm ki, Türk Şurasının gələcək perspektivi var və Türküstan toplantısı onu daha da inkişaf etdirəcəkdir”.