Koçaryan haqqında həbs qətimkan tədbiri seçilə bilər
27.07.2018
Ermənistan paytaxtının Şenqavit rayon Məhkəməsi keçmiş prezident Robert Koçaryan haqqında həbs qətimkan tədbiri seçilməsi barədə Xüsusi İstintaq Komitəsinin təqdimatına baxır.
"news.am” saytının verdiyi xəbərə görə, R. Koçaryan özü məhkəmə iclasına gəlməyib. Vəkillər prosesin təxirə salınması barədə vəsatət qaldırıblar.
Qeyd edək ki, iyulun 26-da R. Koçaryan Xüsusi İstintaq Komitəsinə ifadə verməyə çağırılıb. Müstəntiqlər ona "qabaqcadan bir qrup şəxslə əlbir olaraq Konstitusiya quruluşunu devirmək” barədə rəsmi ittiham elan ediblər. Sabiq prezident 2008-ci il prezident seçkilərindən sonra Yerevanda keçirilən etiraz aksiyasının zorakılıqla dağıdılması barədə əmr verməkdə ittiham olunur. Həmin hadisələr nəticəsində 10 nəfər ölüb.