Bayramqabağı bahalaşma: millət vəkili təklif verdi
18.03.2021
Azərbaycanda məhsulların satışında süni qiymət artımı müşahidə edilib.
Bunu millət vəkili Vüqar Bayramov deyib. O bildirib ki, artım ən çox ərzaq məhsullarında qeydə alınıb:
"Qiymət artımı son vaxtlar ən çox müzakirə edilən məsələlərdəndir. Aparılan monitorinqlər göstərdi ki, bəzi qiymətlər süni şəkildə bahalaşdırılıb. Bu, əsasən ərzaq məhsullarında müşahidə olunub”.
Millət vəkili bildirib ki, süni qiymət artımının qarşısını almaq üçün kənd təsərrüfatı yarmarkalarının sayı artırılmalıdır:
"Təklif edirik ki, kənd təsərrüfatı yarmarkalarının sayı və yerləşmə məkanları çoxalsın. Həmçinin fermerlərin öz məhsullarını satması üçün həm Kənd Təsərrüfatı Nazirliyi, həm də yerli icra qurumları tərəfindən nəqliyyat xərcləri və digər xərclərin bir hissəsi kompensasiya olunmalıdır. Bu, məhsulların daha ucuz qiymətə yarmarkalara çıxarılmasına və satılmasına imkan yarada bilər. Ümumiyyətlə isə monitorinqlərin davam etdirilməsinə ehtiyac var. Süni şəkildə baş verən qiymət artımlarının mövcud qanunvericilik çərçivəsində tənzimlənməsi lazımdır”.