03 12 2024-cu il Bakı 7 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Allahşükür Paşazadə xalqı təbrik etdi

18.03.2021

Şeyxülislam Allahşükür Paşazadə Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib.

DM təbrik mətnini təqdim edir:

"Bismillahir-rəhmanir-rəhim!

Möhtərəm həmvətənlər, əziz qardaş və bacılar!

Xalqımızın qədim və gözəl bahar bayramı, yeni günün və yenidən dirçəlişin timsalı olan Novruz münasibətilə sizi ürəkdən təbrik edir, hamınıza Allah-taaladan səadət və rifah, xeyirli və bərəkətli ömür arzulayıram.

Bu ilki Novruzumuz özəl abu-havası olan bayramdır, çünki onun gəlişi 30 illik Qarabağ həsrətinin sonu, illər boyu etdiyimiz duaların qəbul olduğunu bildirən Zəfər müjdəsidir. Artıq neçə müddətdir ki, xalqımız öz tarixinin ən möhtəşəm bayram sevincini – Vətən müharibəsindəki Qələbənin qürurunu yaşayır. 44 gün davam edən savaş Ermənistanın məğlubiyyəti ilə Azərbaycan ordusunun şanlı zəfəri kimi tarixə yazıldı. Qəhrəman Azərbaycan əsgəri işğaldan azad olmuş ərazilərdə Ulu Öndər Heydər Əliyevin "Dövlətçiliyimizin və müstəqilliyimizin əbədi rəmzi” adlandırdığı üçrəngli bayrağını qaldırdı. Azərbaycanın ayrılmaz hissəsi olan bu torpaqlarda dövlət bayrağının dalğalanması, Şuşa və Ağdam məscidlərinin minarələrindən azan səslərinin ucalması tarixi ədalətin bərpası anlamını verir və bu mübarək günləri bizə, bütün xalqımıza yaşatdığı üçün Uca Yaradana və dövlətimizə sonsuz həmd-sənalar edirik!

Biz fəxr edirik ki, bu Qələbənin müəllifi və sərkərdəsi Azərbaycan xalqının böyük oğlu, adı tarixin qızıl səhifəsinə yazılan Zati-aliləri Ali Baş komandan İlham Əliyev cənablarıdır. Vətən müharibəsi ərzində onun liderlik əzmi, qətiyyətli siyasəti, mərdliyi, cəsarəti hər kəsə - ordumuzun əsgərinə, xalqımızın övladlarına, dinindən və millətindən asılı olmayaraq ölkəmizin bütün vətəndaşlarına unudulmaz anlar yaşatdı, dünya ictimaiyyəti Azərbaycanın siyasi liderinin qüdrətinin və ölkəmizdəki sarsılmaz xalq-dövlət birliyinin şahidi oldu.

Bu gün biz Azərbaycan dövlətinin gələcəyinə böyük inam və ümidlə baxırıq. Bu ruh yüksəkliyinin əsas mənbəyi dövlətimizin başçısı İlham Əliyev cənablarının prinsipial və qətiyyətli mövqeyi, ölkəmizdə aparılan geniş miqyaslı quruculuq işləri, xalqın rifahına yönələn sosial-iqtisadi proqramların gerçəkləşməsidir. Ali Baş Komandan İlham Əliyev cənabları mətin sərkərdə kimi öz xalqının dərin məhəbbət və etimadını qazanmış, rəşadətli ordusunun qüdrətinə güvənən yenilməz dövlət lideri olaraq Azərbaycan həqiqətlərini, Qarabağ reallıqlarını inam, qətiyyət və siyasi mədəniyyət nümunəsi ilə dünya ictimaiyyətinə çatdırmaqla qlobal miqyaslı dövlət xadimi kimi tanınmışdır. Həmçinin Birinci vitse-prezident Mehriban xanım Əliyevanın bu gərgin və məsuliyyətli dövr ərzində yerinə yetirdiyi siyasi, ictimai və mədəni missiyanı tarixi fenomen adlandırmaq olar. Şəhid və qazi ailələrinə, yaralı hərbçilərə göstərilən nəcib şəfqətli münasibət, maddi-mənəvi dəstək, sosial yardım proqramlarına rəhbərlik – bunların hamısı bir Azərbaycan xanımının dünyaya bəyan etdiyi yüksək mədəniyyətin və Vətən övladlarına olan ana məhəbbətinin nümunəsidir. Mehriban xanım Əliyevanın timsalında biz Azərbaycanın bugününün və sabahının təminatçısı olan möhtərəm Prezidentimiz Zati-aliləri İlham Əliyevin fədakar yardımçısını və etibarlı silahdaşını görürük. Novruz adətlərimizə uyğun olaraq, dindarlarımız adından mən bu əziz bayram günlərində Azərbaycanın əzəli torpaqları olan Qarabağın və İslam dünyasının mədəniyyət beşiyi Şuşanın işğaldan azad olunması münasibətilə Zati-aliləri İlham Əliyevi və Birinci vitse-prezident Mehriban xanım Əliyevanı səmimi qəlbdən təbrik edir, dövlətimiz naminə gördükləri fövqəladə fəaliyyətlərə Allahdan xeyir-dualar diləyirəm.

Qələbə - daim dindarlarımızın, hər bir azərbaycanlının dualarında olmuşdur. Fəqət həsrətində olduğumuz Qələbə naminə övladlarımız Allah yolunda, Vətən və millətin azadlığı uğrunda canlarını fəda etdilər, qanları ilə qazandıqları Azadlığı gələcək nəsillərə əmanət etdilər. Onların hər birinin boynumuzda haqları vardır, bu əziz Novruz günlərində Vətən uğrunda şəhid olan qəhrəman övladlarımızı rəhmət dualarıyla yad etmək, ailələrinə, yaxınlarına başsağlığı vermək, qazilərimizə, yaralılarımıza Allah-təaladan şəfaət və səadət diləmək bizim vəfa borcumuzdur. Biz Qarabağda dalğalanan Azərbaycan bayrağı naminə canından keçən hər bir şəhidimizə Allahdan rəhmət diləyir, yaralılarımıza şəfalar arzulayırıq.

Əziz həmvətənlərim! Novruz Azərbaycan xalqının çoxəsrlik tarixində özəl yeri və milli önəmi olan bayramlardandır. Min illər boyu qeyd edilən mübarək Novruz torpağın oyanışını, təbiətin yenilənməsini və bəşərin intibahını təcəssüm etdirmişdir. Qurani-Kərimdə bu dirçəlişin ilahi mənası açıqlanır: "Allah göydən yağış göndərir, onunla Yer üzünü öldükdən (quruduqdan) sonra yenidən dirildir” (Nəhl, 65). Novruzda savaşlar dayanmış, küsülülər barışmış, insanlar sevinclərini və sabaha ümidlərini bir-biri ilə bölüşmüşlər. Bu əziz günlərdə dünyadan gedənlərə rəhmət diləmək, valideynləri, ağbirçək və ağsaqqalları yada salmaq, imkansızlara, ehtiyacı olanlara yardım etmək, ailə məhəbbətini və dostluq tellərini bərkitmək xalqımızın milli mədəniyyətinin ən gözəl nümunəsidir.

Bu ilin təqviminə görə, Azərbaycanın üfüqi vaxtı ilə 20 mart tarixində, saat 13.37.20-də il Öküz bürcü üzərində təhvil olacaqdır. İl təhvili günorta zöhr namazından sonraya təsadüf etdiyi üçün, bu il bayram axşamı martın 20-də, mübarək Novruz bayramı isə martın 21-də qeyd olunacaqdır. Bu günlər ərzində edilən ibadət və dualarda mərhumları rəhmətlə yad etmək böyük savabdır. Uca Yaradana həmd-səna, süfrələrə xeyir-bərəkət, nemətlərə şükr duaları ilə Novruza qədəm qoyan xalqımızı bir daha təbrik edir, hər ailəyə xoşbəxtlik, hər evə rifah və əmin-amanlıq diləyirəm. İnşallah, bundan sonra Novruzu artıq doğma Qarabağda qarşılayacaq, illərin acısını tonqallarda yandırıb, arzularımızı səməni kimi göyərdəcəyik. Novruz bayramımız mübarək olsun!".