Əli Əsədov bu qərarda dəyişiklik etdi
17.03.2021
Cəzaya məhkum edilən, şərti məhkum edilən və ya cəzadan şərti olaraq vaxtından əvvəl azad edilən şəxslər elektron nəzarət vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona üzrsüz səbəbdən xidmət etmədikdə məsuliyyət daşıyacaqlar.
DM xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov "Məhkum edilmiş və ya barəsində qətimkan tədbiri seçilmiş şəxslərə tətbiq edilən elektron nəzarət vasitələrinin siyahısının və onların tətbiqi qaydalarının təsdiq edilməsi haqqında” qərar imzalayıb.
Qərara əsasən, elektron nəzarət vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona üzrsüz səbəbdən xidmət etmədikdə Cəzaların İcrası Məcəlləsinə uyğun tədbirlərin görülməsi üçün icra məmuru (probasiya üzrə) tərəfindən məhkəməyə təqdimat verilir.
Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsində dəyişiklik edilməsi haqqında” qanunu ilə Cəzaların İcrası Məcəlləsində dəyişiklik edilərək aşağıdakı məzmunda 39.0.2-1-ci maddə əlavə edilib:
"39.0.2-1. elektron nəzarət vasitəsini gəzdirməkdən imtina edənlər, onu zədələyənlər və ya digər üsulla yararsız vəziyyətə salanlar, yaxud həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün üzrsüz səbəbdən ona xidmət etməyənlər;”.
Bununla əlaqədar olaraq "Məhkum edilmiş və ya barəsində qətimkan tədbiri seçilmiş şəxslərə tətbiq edilən elektron nəzarət vasitələrinin siyahısının və onların tətbiqi qaydalarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 10 aprel tarixli 144 nömrəli Qərarında dəyişiklik edilib.