Nazir özünə yeni müşavir təyin etdi - FOTO
12.03.2021
Azərbaycanın nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Rəşad Nəbiyev özünə yeni müşavir təyin edib.
DM-in məlumatına görə, nazirin müşaviri vəzifəsinə Əhmədov Fərid Turab oğlu təyin olunub.
Fərid Əhmədov 1979-cu ildə Bakı şəhərində anadan olub. O, 2000-ci ildə Bakı Dövlət Universitetində hüquqşünaslıq ixtisası üzrə bakalavr təhsilini, 2002-ci ildə beynəlxalq hüquq üzrə magistr təhsilini fərqlənmə diplomu ilə bitirib. 2003-cü ildə "Chevening" təqaüdçüsü olaraq İngiltərənin Esseks Universitetində beynəlxalq insan hüquqları ixtisası üzrə magistr dərəcəsi (fərqlənmə) alıb.
O, 2004-cü ildə AMEA-nın Fəlsəfə və Hüquq İnstitutunun aspirantı olub, 2009-cu ildə Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının qərarı ilə hüquq üzrə fəlsəfə doktoru elmi dərəcəsinə layiq görülüb.
2009-cu ildə doktorantura pilləsi üzrə təhsilini almaq məqsədilə İngiltərənin Oksford Universitetinə "Weidenfeld" təqaüdçüsü olaraq daxil olub və 2016-cı ildə həmin universitetin hüquq üzrə fəlsəfə doktoru elmi dərəcəsini alıb.
F. Əhmədov 2000-2004-cü illərdə "Ədalət" hüquq firmasında hüquqşünas, 2004-2006-cı illərdə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Aparatının Beynəlxalq hüquq şöbəsində böyük məsləhətçi, 2006-2007-ci illərdə Azərbaycan Respublikası Milli Məclisi Aparatının İnzibati və Hərbi qanunvericilik şöbəsində məsləhətçi vəzifəsində çalışıb.
O, 2009-2011-ci illərdə Oksford Universitetinin "Foreign Service" proqramında magistratura pilləsində beynəlxalq hüquq fənni üzrə seminar müəllimi, 2011-2015-ci illərdə ADA Universitetində hüquq sahəsi üzrə baş müəllim olub.
2015-2017-ci illərdə "Azərbaycan" Universitetinin rektoru, 2017-2020-ci illərdə "Bakı Beynəlxalq Dəniz Ticarət Limanı" QSC-də baş direktorun müavini vəzifəsində çalışıb. Rus və ingilis dillərini bilir.