“HorraPress” yeni dərci
12.03.2021
"HorraPress” Avropa Azad Mətbuat Mərkəzi Azərbaycan-İberiya-Amerika beyin mərkəzinin (CEPAI) "Azərbaycanın mədəniyyət diplomatiyası və Mehriban Əliyevanın gözəl işləri” sərlövhəli məqaləsini dərc edib.
DM xəbər verir ki, məqalə Azərbaycan rəhbərliyinin, xüsusən Birinci vitse-prezident Mehriban Əliyevanın həyata keçirdiyi mədəniyyət diplomatiyasına həsr edilib.
Materialda qeyd olunur ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva öz "Instagram” səhifəsində qədim Qarabağ torpağındakı dini abidələrin və məscidlərin bərpası layihəsinin işə salınması barədə paylaşım edib. "HorraPress” Mehriban Əliyevanın həmin paylaşımını sitat gətirir: "Bu günlər biz hamımız Azərbaycanın ərazi bütövlüyünün bərpa olunmasının qürurunu və sevincini yaşayırıq. 30 ilə yaxın Ermənistanın işğalı altında olan torpaqlarımız Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında qəhrəman əsgər və zabitlərimizin şücaəti sayəsində azad edilmişdir.
Heydər Əliyev Fondu fəaliyyət göstərdiyi ilk gündən Azərbaycanda müxtəlif sahələri əhatə edən layihə və proqramlar həyata keçirir. Fondun tarixi, mədəniyyət və dini abidələrin qorunub saxlanılması və bərpası istiqamətindəki fəaliyyəti hər kəsə məlumdur. Bu gün isə qürur hissi ilə sizə Heydər Əliyev Fondunun qədim Qarabağ torpağında Azərbaycan xalqının milli sərvəti olan dini abidələrimizin, məscidlərimizin bərpası üzrə layihəyə başladığını bildirmək istəyirəm. Layihə çərçivəsində yerli və xarici mütəxəssislərin iştirakı ilə bölgədəki ziyarətgahlarımızın bərpası, konservasiyası və yenidən qurulması həyata keçiriləcəkdir. İşğal illəri ərzində Şuşa şəhərində və Ağdam rayonunda dağıntılara məruz qalmış dini ibadət yerlərinin bərpası üzrə müvafiq işlərə artıq başlanılmışdır.
Bir zamanlar ermənilərin vəhşicəsinə dağıtdığı, tövləyə çevirdiyi müqəddəs dini məkanlarımız yenidən dirçələcək və bütün Qarabağ ərazisindəki məscidlərimizdə azan səsləri eşidiləcək, dualar oxunacaqdır!”
"HorraPress” oxucuların diqqətinə çatdırır ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva ölkənin xaricdə populyarlaşmasına, habelə sosial siyasətin həyata keçirilməsinə, elmin, təhsilin, mədəniyyətin və idmanın inkişafına mühüm töhfələr verir. Mehriban Əliyevanın təşəbbüsü ilə həyata keçirilən layihələr milli dəyərlərin qorunub saxlanmasına və möhkəmlənməsinə, humanizm prinsiplərinin təbliğinə yönəlib.
Mehriban Əliyevanın Heydər Əliyev Fondu ilə UNESCO arasında əlaqələrin inkişafına yönəlmiş fəaliyyəti xüsusi vurğulanır, qeyd olunur ki, bu fəaliyyət Azərbaycan mədəniyyətinin və mədəniyyətlərarası dialoqun beynəlxalq səviyyədə təbliği üçün böyük əhəmiyyət kəsb edir. Azərbaycanın birinci xanımının fəaliyyətinin etirafı kimi 2004-cü ildə o, qeyri-maddi mədəni irsin təbliğinə və qorunmasına görə xoşməramlı səfir seçilib.
Bildirilir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən işlənib hazırlanmış siyasətin həyata keçirilməsi və Birinci vitse-prezident Mehriban Əliyevanın xoşməramlı səfir kimi fəaliyyəti nəticəsində Azərbaycan muğamı, Azərbaycan aşıq sənəti, ənənəvi Azərbaycan xalçaçılıq sənəti, ənənəvi çövkən at oyunu, kəlağayı qadın baş örtüyünün hazırlanması və geyim mədəniyyəti və simvolikası, Lahıc misgərlik sənəti, Novruz bayramı, lavaş, katırma, jupka, yufka – nazik çörək növlərinin hazırlanması, dolmanın hazırlanması ənənələri UNESCO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilib. 2019-cu ildə Azərbaycanın qədim Şəki şəhərinin tarixi mərkəzi və Şəki Xan Sarayı UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil olunub.
Mehriban Əliyevanın təşəbbüsü ilə Heydər Əliyev Fondu mədəniyyətlərarası və dinlərarası münasibətlərin inkişafına, digər ölkələrlə humanitar sahədə ikitərəfli münasibətlərin dərinləşməsinə kömək edir. Məqalədə qeyd olunur ki, 2009-cu ildə Heydər Əliyev Fondu "Tolerantlığın ünvanı - Azərbaycan” layihəsi çərçivəsində XIV əsrə aid Strasburq Kafedral Kilsəsinin beş vitrajının bərpası üçün maliyyə vəsaiti ayırıb. 2012-ci ildə Fond Müqəddəs Marçelini və Piyetro katakombalarını bərpa edib.
"HorraPress” yazır ki, tolerantlıq və dialoq sahəsində görülmüş işlər nəticəsində 2016-cı ildə Papa Fransisk Azərbaycana səfəri zamanı Müqəddəs Bakirə Məryəm məbədində olub, Azərbaycanı sivilizasiyalar arasında körpü adlandırıb.
Heydər Əliyev Fondu tərəfindən həyata keçirilən bütün layihələr bir daha göstərir ki, "Bakı prosesi”nin təşəbbüskarı olan Azərbaycan müxtəlif xalqlar və mədəniyyətlər arasında əməkdaşlığın möhkəmlənməsi və səmərəli dialoqun təbliği sahəsində işi ilə bütün dünyada sülhə və təhlükəsizliyə töhfə verir, mədəni müxtəliflik dəyərlərini irəlilədir, sivilizasiyalar arasında qarşılıqlı anlaşma, multikulturalizm və dialoqun inkişafında mühüm rol oynayır.
Mehriban Əliyevanın ictimai-siyasi fəaliyyəti fəal və dünyəvi Azərbaycan qadını imicinin formalaşmasında əvəzsiz rol oynayır.