YAP Gənclər Birliyinin strukturu da dəyişdirilir
11.03.2021
Yeni Azərbaycan Partiyasının Gənclər Birliyinin strukturu dəyişdirilir.
DM-in məlumatına görə, bu barədə qərar YAP-ın VII növbədənkənar qurultayında verilib. Qurultay zamanı partiyada edilən yeniliklər gənclər birliyini də əhatə edib.
Partiyadan bildirilib ki, Gənclər Birliyinin strukturu, fəaliyyət forması ilə bağlı müzakirələr aparılır. Müzakirələrdən sonra Gənclər Birliyinin hansı formada fəaliyyət göstərəcəyi məlum olacaq.
Xatırladaq ki, YAP Gənclər Birliyinin sədri Seymur Orucov olub. Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə o, Ağstafa Rayon İcra Hakimiyyətinin Başçısı təyin olunandan sonra YAP Gənclər Birliyinin sədr əvəzi vəzifəsini millət vəkili Ramin Məmmədov icra edib. YAP İcra Katibliyinin Gənclərlə İş qrupunun rəhbəri isə Elmar Məmmədovdur.