Ağacların dibinə "kislota" tökən cani HƏBS EDİLDİ - VİDEO
24.07.2018
Bakıda ağacların dibinə zərərli maddə tökməkdə şübhəli bilinən şəxs tutulub.
DİN-in mətbuat xidmətindən verilən məlumata görə, paytaxtın Şərifzadə küçəsində yerləşən yaşıllıq zolağında 10 ədəd şam ağacının dibinə zərərli maddə tökülməsi faktı ilə bağlı Yasamal rayon Polis İdarəsinin istintaq şöbəsində Cinayət Məcəlləsinin 260.2-ci (meşələri ümumi təhlükəli üsulla məhv etmə) maddəsi ilə cinayət işi başlanıb.
Həyata keçirilən təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində Zəngilan rayonundan məcburi köçkün olan və hazırda Yasamal rayonu ərazisində yaşayan Real Göyüşov şübhəli şəxs qismində saxlanılıb.
Hazırda başlanmış cinayət işi üzrə istintaq hərəkətləri davam etdirilir.
Qeyd edək ki, hadisə ötən gün baş verib. Ağacların dibinə quruması üçün qəsdən zərərli maddə töküldüyünü hiss edən sakinlər Ekologiya və Təbii Sərvətlər Nazirliyinə müraciət ediblər. Mütəxəssislər hadisə yerinə gələrək, ağacların dibini zərərli maddədən təmizləyib və yuyub.