İddia: Xameneinin 95 milyardlıq fondu var
23.07.2018
Tramp administrasiyası İran xalqı üçün sizlərlə eyni yuxunu görür. Bizim səylərimiz və Tanrının yardımı ilə o günlər gələcək.
"Dövran Media" xəbər verir ki, bu sözləri ABŞ Dövlət katibi Mayk Pompeo Kaliforniyada keçirilən "İranlıların səsinə dəstək” adlı seminarda çıxışı zamanı deyib.
"İran rejiminin İran xalqı üçün bir kabus olması barədə hər kəs həmfikirdir. İran xalqının üçdə biri yoxulluq həddinin altında yaşayır. Nüvə sazişi zamanı İranın artan neft gəlirləri İran xalqına xərclənə bilərdi. Bunun əvəzində isə terrorçulara, diktatorlara və milislərə xərcləndi”, - Pompeo bildirib.
İranın yüksəkçinli məmurlarını korrupsiyada ittiham edən Pompeo İran Ali Məhkəməsinin keçmiş sədri Sadiq Laricaninin ruhani lideri Ayətullah Əli Xamenei sayəsində ictimai tenderlərdə korrupsiyaya yol verərək əldə etdiyi sərmayənin ən azı 300 milyon dollar dəyərində olduğunu iddia edib.
"Çox insan bilməz, ancaq Xameneinin "Setad” adı altında fəaliyyət göstərən və büdcəsi 95 milyard dollara çatan qeyri-qanuni investisiya qoyuluşu həyata keçirən fondu var. Bu fond vergidən yayındırılıb”, - Pompeo qeyd edib.