“MV-22 Osprey”-in danışıqları bərpa edilib
23.07.2018
Yaponiyanın Müdafiə Nazirliyi ölkənin cənub-qərbindəki Saqa prefekturasında yerli hakimiyyət orqanları ilə 17 ədəd "MV-22 Osprey” konvertoplanının yerləşdirilməsi barədə danışıqları bərpa edib.
Kyodo agentliyi xəbər verir ki, bu barədə müzakirələr iyulun 23-də müdafiə naziri İtsunori Onodera ilə Saqanın qubernatoru Yoşinori Yamaquçi arasında aparılıb.
Konvertoplanların təhlükəsizliyi ilə bağlı heç bir problemin olmadığını vurğulayan İ.Onodera, həmin maşınların yaxın zamanlarda Saqa aeroportuna göndəriləcəyinə ümid etdiyini bildirib.
Plana əsasən, yeni "MV-22 Osprey” konvertoplanları cari ilin sonunadək ABŞ-dan Yaponiyaya gətiriləcək. Yeni maşınlar Tokionun yaxınlığındakı Çiba prefekturasının Kisarazu şəhərində Yaponiya özünümüdafiə qüvvələrinin bazasında yerləşdiriləcək. Saqa aeroportunda müvafiq hazırlıq işləri başa çatdıqdan sonra konvertoplanlar həmin əraziyə köçürüləcək.
Hökumətlə Saqa prefekturasının yerli hakimiyyət orqanları arasında məsləhətləşmələr cari ilin fevralında bu prefekturanın ərazisində hərbi helikopter qəzaya uğradıqdan sonra dayandırılmışdı.
Yaponiyanın cənub-qərbində əlavə konvertoplanların yerləşdirilməsi fikri özünümüdafiə qüvvələrinin tərkibində dəniz piyadaları bölükləri yaradıldıqdan sonra meydana gəlib. Bu hərbi bölmələrin əvvəlcə Saqanın qonşuluğundakı Naqasaki prefekturasında yerləşdiriləcəyi, 2020-ci ilin əvvəllərində isə Okinavaya göndəriləcəyi bildirilir.