YAP-ın qurultaylarında nələr baş verib?
05.03.2021
Bu gün hakim Yeni Azərbaycan Partiyasının (YAP) VII qurultayı keçirilir.
DM xəbər verir ki, artıq qurultay öz işinə başlayıb. YAP-ın ali orqanının toplantısı barədə müxtəlif mülahizələr səsləndirilir. Partiyanın "köhnə qvardiya”dan təmizlənəcəyi, rəhbər strukturlarda əhəmiyyətli dəyişikliklərin olacağı, hətta sədrin dəyişəcəyi barədə iddialar var.
Qeyd edək ki, indiyə qədər YAP-n ali orqanı 6 dəfə toplanıb. İlk qurultay 20-21 dekabr1999-cu tarixində keçirilib. Gündəlikdə aşağıdakı məsələlər olub:
1. YAP İdarə Heyətinin fəaliyyəti barədə hesabat;
2. YAP-ın Nizamnamə və Proqramına dəyişikliklər və əlavələr edilməsi barədə;
3. YAP Mərkəzi Nəzarət Təftiş Komissiyasının fəaliyyəti barədə hesabat;
4. Mandat komissiyasının hesabatı;
5. YAP-ın rəhbər orqanlarının seçilməsi;
6. YAP-ın I qurultay nümayəndələrinin Azərbaycan xalqına müraciətinin qəbul olunması.
Hakim partiyanın ikinci qurultayı 21 noyabr 2001-ci il tarixində baş tutub. Qurultay həmin vaxt partiyanın sədri, eyni zamanda dövlət başçısı olan Heydər Əliyevin 2003-cü ildə keçiriləcək prezident seçkilərinə namizədliyinin irəli sürülməsi və hazırda Prezident olan İlham Əliyevin YAP sədrinin 1-ci müavini vəzifəsinə seçilməsi ilə yadda qalıb.
YAP-ın III-cü qurultayı 26 mart 2005-ci il tarixində keçirilib. Bu qurultayda İlham Əliyev partiyanın sədri seçilib.
2 avqust 2008-ci il tarixində keçirilən YAP-ın IV qurultayı isə, əsasən həmin ilə təsadüf edən prezident seçkilərinə həsr olunub. Qurultayda İlham Əliyevin prezidentliyə namizədliyi irəli sürülüb.
Hakim partiyanın V qurultayı maraqlı məqamlarla yadda qalıb. Ali orqanın 7 iyun 2013-cü il tarixində keçirilən toplantısında YAP-ın rəhbərliyinə yeni simalar gətirilib. Bu sırada hazırda Azərbaycanın Birinci vitse-prezidenti olan Mehriban Əliyevanın YAP sədrinin müavini seçilməsini də qeyd etmək olar.
Ümumiyyətlə isə, həmin qurultayda əvvəlki müavinlərdən yalnı Əli Əhmədov postunu qoruya bilib.
Mehriban Əliyeva ilə yanaşı, həmin vaxt AMEA prezidenti vəzifəsini daşıyan Akif Əlizadə və Baş nazirin müavini olan Əli Həsənov YAP sədrinin yeni müavinləri seçiliblər. Bu qurultay həm də İlham Əliyevin 9 oktyabr 2013-cü ildə keçirilən prezident seçkilərində namizədliyinin irəli sürülməsilə yadda qalıb.
YAP-ın VI qurultayı isə 8 fevral 2018-ci il tarixində baş tutub. Toplantı həmin ilin aprelin 11-nə təyin olunmuş prezident seçkilərinə həsr olunub. Bu dəfə də YAP İlham Əliyevin namizədliyini irəli sürüb.