Nyu-Yorkda Xocalı soyqırımı qurbanları yad edilib
02.03.2021
Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və ABŞ-da fəaliyyət göstərən Azərbaycan–Nyu-York Assosiasiyasının təşkilatçılığı ilə Nyu-York şəhərinin Bruklin dairəsində yerləşən Sultan Eyyub məscidində Xocalı soyqırımı qurbanlarının anım mərasimi keçirilib.
DM xəbər verir ki, tədbir iştirakçıları faciə qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad edib, ruhlarına dualar oxuyublar.
Anım mərasimi çərçivəsində Sultan Eyyub məscidində Xocalı soyqırımının 29-cu ildönümü ilə əlaqədar "Xocalıya ədalət" ("Justice for Khojaly") adlı sərgi təşkil edilib. Sərgidə erməni cəlladlarının amansızlıqla qətlə yetirdiyi xocalıların fotoları nümayiş etdirilib.
Azərbaycan–Nyu-York Assosiasiyasının sədri Ercan Yerdələnli tədbir iştirakçıları qarşısında çıxış edərək, XX əsrin müxtəlif illərində dəfələrlə ermənilərin azərbaycanlılara qarşı etnik təmizləmə və soyqırımı siyasəti həyata keçirdiyi, Xocalıda insanlığa sığmayan vəhşiliklə körpə, qadın və yaşlı demədən dinc sakinlərə qarşı kütləvi qırğın törətdikləri haqqında məlumat verib.