Zəngilan Fransa portalında
01.03.2021
Fransanın atlantico.fr onlayn resursunda Zəngilanla bağlı reportaj xarakterli məqalə dərc olunub.
Bölgəyə səfər etmiş yazının müəllifi, siyasi elmlər doktoru Sebastyan Bussua bu şəhəri İpək Yolunun gələcək strateji qovşağı adlandırır.
Onun sözlərinə görə, Zəngilan Bakıdan çox uzaq məsafədə yerləşir. Şəhərə aparan yol, bəlkə də ölkənin ən uzun diaqonal asfalt yoludur.
"Şərqdən cənub-qərbə 350 kilometrdən çox məsafə Azərbaycanın paytaxtını Qarabağın ən təcrid olunmuş şəhərlərindən biri olan Zəngilanla birləşdirir.
Şəhər bölgəni 27 il öncə işğal etmiş erməni qüvvələrinə qarşı 44 gün davam edən şiddətli döyüşlərdən sonra 20 oktyabr 2020-ci ildə geri alınıb. Bu torpaqlar vaxtilə SSRİ-nin dağılmasından sonra erməni millətçiləri tərəfindən "Böyük Ermənistan” layihəsini həyata keçirmək məqsədilə işğal edilib. Lakin artıq işğal olunmuş torpaqlar Azərbaycanın nəzarəti altına keçib.
Beynəlxalq hüquq, Birləşmiş Millətlər Təşkilatının dörd qətnnaməsi hər zaman Azərbaycanın haqlı olduğunu sübut etsə də, bu sənədlər 1993-cü ildən bəri heç vaxt tətbiq olunmayıb. Otuz ildir yüzminlərlə məcburi köçkün əvvəlki həyatlarının və keçmişinin bir hissəsindən imtina etmək məcburiyyətində qalıblar”, - deyə məqalədə bildirilir.