Navalnı vicdan məhbusu siyahısından çıxarıldı
25.02.2021
Beynəlxalq hüquq müdafiə təşkilatı ''Amnesty International'' Aleksey Navalnını daha vicdan məhbusu adlandırmamaq qərarına gəlib.
DM xəbər verir ki, bu barədə BBC-nin Rusiya xidməti fevralın 24-də məlumat verib ki, təşkilatın nümayəndələri bu qərarı Navalnının 15 il öncə səsləndirdiyi fikirlərlə əsaslandırıblar, amma Avropa Birliyi onu yenə də siyasi məbus sayır və azadlığa buraxılmasını tələb edir.
"Beynəlxalq Amnistiya” təşkilatından bildiriblər ki, Navalnının əvvəllər səsləndirdiyi və indiyə qədər imtina etmədiyi bəzi fikirlərində nifrət təbliğatı var və bu, "vicdan məhbusu” təyinatına ziddir.
Konkret hansı ifadələrin nəzərdə tutulduğu açıqlanmasa da, Navalnının siyasi karyerasını xatırlayanlar əmindirlər ki, söhbət onun "Xalq” adlı millətçi təmayüllü təşkilat yaratdığı, millətçi-ksenofoblarla birlikdə "Rus marş”larında iştirak etdiyi dövrlərdən və immiqrantlar haqqındakı bəzi bəyanatlarından gedir. ''Amnesty International''ın qaydalarına görə isə, siyasi məhbus statusu almağın kriteriyaları arasında "zorakılıqda iştirakın, zorakılığa çağırışların və ya nifrət təbliğatının olmaması” da var.
''Amnesty International'' eyni zamanda vurğulayıb ki, son illər Navalnı belə bəyanatlar səsləndirməyib. "Bu qərar bizim onun dərhal azadlığa buraxılması uğrundakı mübarizə qətiyyətimizi sındırmır”, - təşkilatın Rusiya nümayəndəliyinin direktoru Natalya Zvyaqina bildirib.
Nümayəndəliyin mətbuat katibi Aleksandr Artemyev BBC-nin Rusiya xidmətinə bildirib ki, qərar müxtəlif yerlərdən gələn sorğular əsasında təşkilatın mərkəzi aparatı tərəfindən qəbul olunub. Navalnının tərəfdarları isə hesab edirlər ki, bu sorğuların ən azı bir hissəsi Rusiya hakimiyyətinə yaxın şəxslər tərəfindən aparılıb.