Turan və turançılıq Lavrovu niyə narahat edir?..
23.02.2021
Adam hətta "diplomatiya” sözünü dilinə gətirəndə belə dərhal yadına "məhdudiyyət” və "çərçivə”lər kimi sözlər düşür, çünki belə bir misal var və onu adətən Taleyranın adına yazırlar ki, dil diplomata özünün fikirlərini gizlətmək üçün verilib.
Amma bunu bizim şimal qonşumuzun – Rusiyanın diplomatları haqqında demək olmur. Onlar bir qayda olaraq söz və ifadələri seçmək, onlara axımlı forma vermək üçün özlərinə əziyyət vermirlər. Buna görə də Rusiya diplomatiyasını mütəxəssislər "güc diplomatiyası” adlandırır.
Di gəl, nə qədər qəribə olsa da, ötən həftə rusiyalı nazir Sergey Lavrov böyük Turan və turançılıq haqqında danışarkən, keçmiş sovet respubliklarının türk seqmentindəki tendensiyaları araşdırarkən öz sakit tərzini və tarazlığını saxlaya bildi, emosiyaya qapılmadı. Amma onun mövzuya müraciət etməsinin özü göstərir ki, bu predmet təkcə ayrı-ayrı politoloqları və təhlilçiləri düşündürmür, praktiki siyasətçilər, diplomat camiası da onun fərqindədir.
Qeyd edək ki, türk birliyinin bərpa olması, sovet imperiyasının parçalanmasından sonra yaranan "türk zolağı” ilə bağlı müzakirələr hələ ötən əsrin doxsanıncı illərində Rusiya mediasında geniş müzakirə olunur və araşdırılırdı.
Amma sonradan ona maraq azaldı. Ona görə ki, gənc türk dövlətlərindəki proseslər başqa məzmun və istiqamət aldı, burada sərt avtoritar rejimlər peyda oldu, yeni yaranan yerli siyasi elitanı romantik turançılıq ideyaları deyil, soyuq siyasi hesab və daha "praqmatik” gözləntilər cəlb etməyə başladı. Elə ona görə də sual yaranır: bəs indiki maraq nə ilə bağlıdır?
Nə qədər qəribə olsa da, hər şey ondan başladı ki, Ankara Qarabağ məsələsində daha fəal rol oynamağa başladı. Moskvada başa düşdülər ki, türk birliyi haqqında söhbətlər siyasi konyunktura deyil, yox, Bakı bu gün də bəyan edir ki, Türkiyənin Dağlıq Qarabağ probleminin çözülməsi kimi mürəkkəb prosesdə daha dərindən və yaxından iştirakı Azərbaycanın milli maraqları ilə diqtə olunur.
Amma mövzunu təkcə Qarabağ problemilə bağlamaq düzgün olmazdı. Rusiyanın əhalisinin on fazini müsəlmanlar təşkil edir, ölkənin etnik palitrasında türk xalqlarının qabarıq iştirakı var, üstəgəl, keçmiş sovetin türk respublikalarından istifadə etməklə Rusiya özünün geosiyasi və ya geoiqtisadi konfiqurasiyalarını qurur.
NATO və ya Aİ yarananda onların əsasında konkret ideya və zərurət vardı. Amma bunu MDB və KTMT haqda demək olmur, bu, daha çox zorən "dostluq və əməkdaşlıq” deməkdir. Son təşkilatlar yarananda bir sıra təhlilçilər onları "mədəni boşanma” formulu adlandırdılar, amma bu boşanma deyəsən çox çəkdi...
Əlbəttə, demək olmaz ki, bölgədə təhdidlər və təhlükələr tamam yoxdur. Yox, belə demək olmaz, bunlardan biri elə dini fanatizmdir, gəl, axtarsan, Türkiyənin bu sahədə təcrübəsi daha çoxdur.
Rusiya özünün etnik ittifaqını – slavyan birliyini yarada bilmədi. Yox, Ukrayna Moskvanın təsir müstəvisindən uzaqlaşdı. Gec-tez Belarus da belə edəcək. Vaxt gələcək Mərkəzi Asiyada da siyasi rejimlər dəyişəcək, onları daha demokratik və praqmatik qüvvələr əvəz edəcək. Onda insanlar başa düşəcək ki, Moskva təkcə onların iqtisadi resurslarını yox, geosiyasi və geoiqtisadi resurslarını da istismar edir.
Həm də analizlər belə deməyə əsas verir ki, Mərkəzi Asiya ölkələri üçün daha çox Rusiyanın özü təhlükə kəsb edir. Məsələn, yalnız Rusiya mediasında keçmiş SSRİ-nin bərpa olunması və ya Qazaxıstanın şimal ərazilərinin işğalı müzakirə olunur. Və bütün məsələ bundadır ki, əvvəl dediyimiz kimi, Ukrayana artıq əldən çıxıb, Mərkəzi Asiya ölkələri də bir–bir Rusiya geosiyasi arealını tərk edəcək və o vaxt Rusiya özünün regional geosiyasi statusu ilə də vidalaşmalı olacaq...