Dağıdılan və ya erməni kilsəsinə çevrilən məscidlər
23.02.2021
Ermənilərin Qərbi Azərbaycanda Azərbaycan izlərini silmək məqsədilə dağıtdıqları tarixi-dini abidələrin sayları yüzlərlədir.
Bunu AMEA-nın Elm Tarixi İnstitutunun Elm tarixinin nəzəri və metodoloji problemləri şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Bayram Quliyev deyib.
Onun sözlərinə görə, ermənilərin Qərbi Azərbaycan köçünün genişlənməsinin əsası İrəvan xanlığı dövründə qoyulmuşdu. İrəvan xanı Hüseynəli xanın 1760-cı ildə Eçmiədzin (Üçkilsə) monastırı ilə bağlı imzaladığı fərmanla ermənilərə geniş hüquqlar verildi. Bir çox Azərbaycan kəndləri ermənilərə verilir və adları dəyişdirilirdi. Bu proses Türkmənçay anlaşmasından sonra kütləvi hal aldı. Azərbaycan ərazisinə köçürülən ermənilər müxtəlif üsullardan istifadə edərək Azərbaycanın bu ərazilərdəki tarixini yox etməyə çalışırdılar. Bu üsullardan biri də Qərbi Azərbaycan torpaqlarında mövcud olmuş abidələrin dağıdılması idi.
B.Quliyev ermənilərin Qərbi Azərbaycanda dağıtdıqları tarixi-dini abidələrə misal olaraq, qeyd edib ki, XVIII əsrdə Abbas Mirzə Qacar (Fətəli Xan Qacarın oğlu) tərəfindən İrəvan qalasında inşa etdirilən Abbas Mirzə məscidi Azərbaycan memarlığında geniş istifadə olunan göy və yaşıl rəngli kaşılarla bəzədilmişdi. Lakin məscid tamamən dağıdılıb, onun sadəcə bir divarının qalıqları qalıb. İrəvan quberniyasının Ərgəz kəndində yerləşən məscid də eyni aqibətə məruz qalıb. Bundan başqa, XVIII əsrə aid olan Hacı Cəfər məscidi də tamamən dağıdılıb.
Alim əlavə edib ki, İrəvan şəhərinin qədim məscidlərindən biri olan Novruzəli bəy məscidinin iri günbəzi və çoxrəngli kaşılarla bəzədilmiş divarları olub. Bu məscid hələ XX əsrin əvvəllərində dağıdılıb. 1725-ci ildə Rəcəb Paşa tərəfindən İrəvan qalasında inşa edilmiş Osmanlı memarlıq üslublu məscid isə 1828-ci il Türkmənçay anlaşmasından sonra rus pravoslav kilsəsinə çevrilib. İrəvanda tikilmiş Şükürbəyli məscidi hələ də rus pravoslav kilsəsi kimi fəaliyyət göstərir.
B.Quliyev deyib ki, İrəvanda yerləşən ən qədim dini ibadətgahlardan biri olan və inşası Səfəvilərin erkən dönəminə təsadüf edən Sərdar məscidi Qala məscidi və ya Köhnə məscid adı ilə məşhur olub. Azərbaycanın şimalı rus qoşunları tərəfindən işğal olunduqdan sonra məscid dağıdılmağa başlanılıb, sovet Ermənistanı dövründə isə Sərdar məscidi hissə-hissə sökülərək onun yerində yaşayış evləri tikilib. Bundan başqa İrəvan qalası, Aşıq Ələsgərin qəbirüstü abidəsi, XVI əsrdə inşa edilən Sərdar sarayı, Urud abidələr kompleksinə məxsus olan iki qoç heykəli tamamilə məhv edilib:
"Ermənilər tərəfindən dağıdılmış abidələri saymaqla bitməz, onların bəziləri heç qeydiyyata da düşməyib. Hazırda ermənilər öz havadarları ilə birlikdə xristian abidələrinin qorunması ilə bağlı "narahatlıq”larını ifadə edirlər. Lakin ermənilərin bu vəhşilikləri törətməsi, bizim isə Bakıda erməni kilsəsini bir abidə olaraq qorumağımız dünya mədəni irsinə necə yanaşmağımızın nəticəsidir. Dünyanın bu faktlara laqeydcəsinə yanaşması sadəcə Azərbaycan mədəniyyətinin məhv olmasına yönəlmiş addım deyil, bu, həm də dünya irsinin məhv olmasına göz yummaqdır".