PKK-çıdan etiraf
23.02.2021
İraqın şimalındakı Qara bölgəsində Türkiyə ordusunun həyata keçirdiyi xüsusi əməliyyatın gedişində sağ ələ keçirilən PKK terrorçuları dindirmə zamanı təşkilatın xarici dəstəyi haqda önəmli məlumatları çatdırıb.
DM Virtualaz.org-a istinadən xəbər verir ki, təslim olan terrorçulardan Ş.M. dindirmə zamanı deyib:
"Türkiyə Silahlı Qüvvələri İraqın şimalında əməliyyat həyata keçirməzdən əvvəl iki ölkə (Rusiya və ABŞ) vurulacaq nöqtələri 30 dəqiqə əvvəldən təşkilata xəbər verirdi”.
Həmin terrorçu təşkilatın Fransa, ABŞ və Suriya kəşfiyyatı ilə əlaqələri olduğunu deyib. Bildirib ki, ABŞ PKK-ya buldozerlər, ekskovatorlar, yük maşınları və zirehli maşınlar verir. Fransa isə pilotsuz təyyarələrlə havadan əldə etdiyi görüntü və koordinatları təşkilata ötürür.
Digər terrorçu D.M. isə deyib ki, ABŞ PKK liderlərini qorumaq üçün birbaşa öz hərbi personalını ayırıb. Məsələn, "Bahoz Erdal” ləqəbli PKK liderinin cangüdənlərindən 8-i Amerika əsgəri olub. "Sofi Nurəddin” kod adlı terrorçu isə bir müddət ABŞ ordusunun İraqın şimalındakı düşərgəsində qalıb.
2020-ci ilin son aylarında Türkiyə təhlükəsizlik qüvvələrinə təslim olan İ.Ç. adlı terrorçu deyib ki, hətta Liviyada hakimiyyəti ələ keçirmək istəyən qiyamçı feldmarşal Xəlifə Haftar da Türkiyəyə qarşı PKK-dan istifadə etməyə çalışır. Belə ki, Haftar öz adamını PKK ilə təmaslar üçün Suriyaya göndərib və terror təşkilatından dəstək istəyib. Həmin terrorçu bildirib ki, Haftarın PKK-dan dəstək istədiyini təşkilatın liderlərindən Fehman Hüseyn ötən il Şəddadə bölgəsində keçirdiyi toplantıda təsdiqləyib.
İ.Ç. Ermənistana dəstək üçün Qarabağa əlavə PKK qüvvələrinin göndərildiyini də təsdiq edib, bunu terror təşkilatının az qala bütün üzvlərinin bildiyini deyib.
Qeyd edək ki, Türkiyə ordusu bu günlərdə Qara bölgəsinə havadan və qurudan həmlə edib, orada PKK terrorçularının düşərgələri, silah-sursat anbarları məhv edilib, onlarla terrorçu zərərsizləşdirilib. Türkiyə xüsusi təyinatlıları bir neçə terrorçunu sağ ələ keçirə biliblər.
Bundan əlavə, ötən il Qarabağda hərbi əməliyyatların başlanması ərəfəsində Ermənistanın Qarabağa İraq və Suriyadan PKK terrorçularını daşıyıb gətirdiyi haqda kifayət qədər mötəbər məlumatlar, o cümlədən xarici mənbələrdən məlumatlar yayılmışdı. Söhbət bir neçə min PKK terrorçusundan gedirdi. Qarabağda daha əvvəl də PKK-nın düşərgələrinin olduğu məlum idi. Müharibənin başa çatmasından az sonra PKK-nın qadın dəstələrinin komandiri də təşkilata yaxın mediaya müsahibəsində Qarabağa ermənilərə kömək üçün dəstələr göndərdiklərini təsdiq etmişdi.