Niyazi Bayramov görüş keçirib
12.02.2021
Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov Vətən müharibəsi iştirakçıları ilə görüşüb, onların şikayət və təkliflərini dinləyib.
DM xəbər verir ki, Niyazi Bayramov bildirib ki, rəşadətli Azərbaycan Ordusu Ali Baş Komandan İlham Əliyevin uğurlu siyasəti və qətiyyəti, həmçinin xalqımızın dəstəyi nəticəsində tarixi zəfərə imza atdı. Həm hərbi qulluqçularımız, həm də könüllü döyüşlərə yollanan igid oğullarımız böyük qəhrəmanlıq nümayiş etdirdilər. Azərbaycan Ordusu xalqımıza şərəfli anları yaşatdı.
Qəhrəman oğullarımızın qanı, canı bahasına tarixi ədalət bərpa olundu. Görüşə gələn Vətən müharibəsi iştirakçıları göstərilən diqqətə görə öz təşəkkürlərini bildirib, şikayət və təkliflərini səsləndiriblər.
Müraciətlər əsasən işlə təminat, müalicə üçün dərman preparatlarının alınması və digər məsələlərlə bağlı olub. "AzerGold” QSC”-də işlə təmin olunan şəhid Məmmədov Anar Qəhrəman oğlunun qardaşı Qafar Məmmədov da görüşdə iştirak edib. O, işlə təmin edilməsi ilə bağlı müraciətinin tez bir zamanda həllini tapdığına, habelə şəhid ailələri və qazilərə göstərilən diqqətə görə ölkə rəhbərliyinə təşəkkürünü bildirib.
Dilə gətirilən problemlərin əksəriyyəti yerindəcə öz həllini tapıb, digərlərinin isə araşdırılaraq həll edilməsi üçün müvafiq tapşırıqlar verilib.