Polis reydlərə başladı.. DİQQƏT!
12.02.2021
Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları Bakı şəhəri ərazisində hərəkətin intensiv olduğu küçə və prospektlərdə təhlükəsizliyin təmin edilməsi, piyadaların vurulması ilə nəticələnən yol-nəqliyyat hadisələrinin qarşısının alınması məqsədilə profilaktiki tədbir keçiriblər.
İdarənin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumatda bildirilir ki, paytaxtın Nobel prospekti və A.M.Şərifzadə küçəsində keçirilən tədbir zamanı yaxınlıqda yerüstü və yeraltı piyada keçidlərinin olmasına baxmayaraq, bundan istifadə etməməklə özləri ilə bərabər digər hərəkət iştirakçılarına da ciddi təhlükə yaradan piyadalar saxlanılaraq onlarla maarifləndirici söhbətlər aparılıb, həmin piyadalara yol hərəkəti qaydalarına riayət etməyin vacibliyi barədə ətraflı məlumat verilib.
Eyni zamanda, öz həyat və sağlamlıqlarına biganə yanaşaraq bu kimi inzibati xətalara yol verən piyadaların diqqətinə çatdırılmışdır ki, piyadalar tərəfindən yolun hərəkət hissəsinin müəyyən olunmayan yerdən keçilməsinə görə 20 manat, o cümlədən hərəkət sürətinin həddi 80 km/saat və daha artıq müəyyən edilmiş yollarda isə 40 manat məbləğində inzibati cərimə tətbiq olunur.
Qeyd edək ki, piyadalar arasında intizamın möhkəmləndirilməsi, yol hərəkəti təhlükəsizliyinin təmini, xüsusilə də piyadaların yol hərəkəti ilə bağlı həyat və sağlamlığının qorunması məqsədilə bu cür tədbirlər davam etdiriləcək və ümid edirik ki, hər birimiz bu məsələyə anlayışlı şəkildə yanaşsaq, müsbət nəticələrə nail olacağıq.