Sabiq deputatdan təklif
12.02.2021
"Müəllimlər cəmiyyətin ən hörmətli təbəqəsi olmalıdır”.
Bunu sabiq millət vəkili Şahlar Əsgərov müəllimlərə dövlət qulluqçusu statusunun verilməsi ilə bağlı məsələyə aydınlıq gətirərkən deyib. Şahlar Əsgərov müəllimlərə dövlət qulluqçusu statusunun verilməsinin tərəfdarı olduğunu qeyd edib:
"Biz müəllim olmuşuq və özü də çox böyük hörmətimiz olub. Dosentin maaşı Birinci katibin əmək haqqından çox idi. Direktorların hörməti müharibə zamanı cəbhə komandirlərinin hörmətinə bərabər olmalıdır. Yəni, cəbhə komandiri səhv edərsə, məhvə gedir, düz edərsə, medal, mükafat alır. Direktorun səhvi ciddi cəza, mükafatı isə çox böyük olmalıdır”.
Şahlar Əsgərovun fikrincə, hər şeyin göstəricisi aylıq əmək haqqıdır:
"Bütün dünyada müəllimlərin maaşı ölkənin ümumi orta əmək haqqından 20% çoxdur. Amma qabaqcıl ölkələrdə bunlar müxtəlifdir. Amerikada 70%, Nyu Yorkda orta aylıq əmək haqqı 5 min dollardır. Yaponiyada isə bu daha çoxdur. Müəllimə önəm vermək cəmiyyətə verilən önəmdir. Müəllimi gözdən salmaqla cəmiyyəti gözdən salırsan. Alimin əmək haqqı məmurun əmək haqqından 3 dəfə çox olmalıdır. Niyə? Çünki məmur 8 saat işləyir, sonra istədiyi yerə gedir, istirahət edir. Amma alim 24 saat işləyir. Məmur 1000 manat alanda alim 2 min manat almalıdır”.