Davtyanın Xankəndi səfəri
10.02.2021
"Belə görüşlər təbii ki, Azərbaycan və Ermənistan arasında sülhün bərqərar olmasına aid imzalanan birgə bəyanatın tələblərinin yerinə yetirilməsinə əngəllər yarada bilər”.
Bunu hərbi ekspert Ədalət Verdiyev Ermənistanın Baş prokuroru Artur Davtyanın Xankəndiyə qanunsuz səfəri və baş separatçı Araik Arutyunyanla görüşündən danışarkən deyib. Onun sözlərinə görə, Azərbaycan bu səfərlərin qarşısını almaq üçün hərbi və siyasi təsir mexanizmilərinə malikdir və bu mexanizmlərin sayı kifayət qədərdir.
"Ermənistanın bu tip addımlar atması Azərbaycanı bu səfərlərin qarşısının alınması üçün daha adekvat tədbirlər görməyə vadar edir. Düşünürəm ki, Azərbaycan tərəfi bu səfərləri heç də cavabsız qoymayacaq”.
Ədalət Verdiyev qeyd edib ki, Ermənistanın Baş prokuroru Artur Davtyanın Xankəndiyə qanunsuz səfəri və separatçı qurumun rəhbəri Araik Arutyunyanla görüşünə dair məlumatlara aid heç bir vizual görüntülər olmasa da, bu məlumatlar erməni mətbuatına istinadən yayılıb:
"Lakin biz əvvəllər də belə hallarla, məsələn, Ermənistanın xarici işlər nazirinin Qarabağa Azərbaycanın razılığı olmadan səfəri ilə qarşılaşmışdıq. Lakin bundan sonra Azərbaycan tərəfinin sərt təpkisi nəticəsində bu səfərlər qismən dayandırılsa da, baş prokurorun səfəri Ermənistanın heç də Azərbaycanın verdiyi bəyanatları ciddiyə almadıqlarını göstərir”.
Qeyd edək ki, erməni mətbuatı Ermənistanın Baş prokuroru Artur Davtyanın Xankəndiyə qanunsuz səfəri və baş separatçı Araik Arutyunyanla görüşüməsi ilə bağlı məlumatlar yayıb.