Allahşükür Paşazadə Belarus səfiri ilə görüşüb
09.02.2021
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, Şeyxülislam Allahşükür Paşazadə Belarus Respublikasının Azərbaycandakı Fövqəladə və Səlahiyyətli səfiri Andrey Ravkovu qəbul edib.
QMİ-nin Mətbuat Xidmətindən verilən məlumata görə, Şeyxülislam Azərbaycan və Belarus arasında ənənəvi dostluq və qardaşlıq əlaqələrin mövcud olduğunu qeyd edərək, iki dövlət başçısı, İlham Əliyevlə Aleksandr Lukaşenko arasındakı qardaşlıq münasibətlərinin bu əlaqələri daha da möhkəmləndirdiyini vurğulayıb.
QMİ sədri əmin olduğunu bildirib ki, böyük təcrübəyə sahib olan Ravkov iki ölkə arasındakı əlaqələrin bundan sonra da inkişaf etməsinə öz layiqli töhfəsini verəcək.
Şeyxülislam Azərbaycanın əzəli Qarabağ torpaqlarının işğaldan azad olunması ilə nəticələnən 44 günlük Vətən müharibəsi ərzində Belarusun ölkəmizə verdiyi dəstəyə görə öz xüsusi təşəkkürünü dilə gətirib.
QMİ sədri qeyd edib ki, bu tarixi zəfər ölkə başçısı İlham Əliyevin fövqəladə səyləri, şanlı ordumuzun və bütün Azərbaycan xalqının Prezidentin ətrafında sıx birləşməsi nəticəsində mümkün olub.
Şeyxülislam hazırda ölkəmizin qarşısında azad olunmuş torpaqlarda bərpa, yenidənqurma və abadlıq işlərinin durduğunu vurğulayıb.
Qəbul üçün təşəkkürünü bildirən Ravkov ötən həftə XİN-in dəvəti ilə Cəbrayıl və Zəngilan rayonlarına səfəri barədə danışıb.
Səfir azad olunmuş torpaqlarda müşahidə etdiyi dağıdılmış evlər, yerlə bir edilmiş qəbiristanlıqlar, məhv edilmiş təbiət mənzərələrindən olduqca təsirləndiyini, bunun dəhşətli, acınacaqlı olduğunu dilə gətirib, Azərbaycan dövlətinin qarşısında burada görüləcək çox işlərin olduğunu vurğulayıb və bu işlərdə ölkəmizə uğurlar diləyib.