“İndi tariximizin yeni səhifəsidir” - Prezident
03.02.2021
"Azərbaycanın keçən il ərazi bütövlüyünü bərpa etməsi münasibətilə təbrikinizə görə təşəkkür edirəm. Biz xalqımız, ölkəmiz üçün çox çətinliklər yaradan bu əsas məsələni həll etdikdən sonra, - bu məsələ həm də dünyada ən böyük haqsızlıqlardan biri idi, - Azərbaycanın inkişafı daha da sürətli olacaq. Buna baxmayaraq, hətta işğal illəri ərzində Azərbaycan uğurla inkişaf etmişdir, sənayeni və müasir texnologiyaları inkişaf etdirmişdir. Yeri gəlmişkən, bizim sizin şirkətinizlə sıx əməkdaşlığımız və Azərbaycanda icra etdiyiniz layihələr onu göstərir ki, ölkənin iqtisadi və sənaye inkişafı çox yaxşı təsir bağışlamışdır”.
Bunu Prezident İlham Əliyev fevralın 3-də İtaliyanın "Maire Tecnimont Group” şirkətinin sədri Fabrizio Di Amatonun başçılıq etdiyi nümayəndə heyətini videoformatda qəbul edərkən deyib.
Dövlət başçısı qeyd edib ki, indi tariximizin yeni səhifəsidir: "Azərbaycan azad edilmiş ərazilərdə həyatı bərpa etmək üçün zəruri olan bütün tədbirləri görəcək. Bu, asan olmayacaq, çünki hər şey məhv edilib və işğaldan azad olunmuş əraziləri ziyarət etdikdə biz hər şeyin dağıldığını müşahidə edə bilərik. Bütün binalar, zavodlar, tarixi abidələr, sosial infrastruktur yerlə-yeksan edilib. Beləliklə, biz hər şeyi sıfırdan etməli olacağıq. Buna görə də, əlbəttə, fəaliyyətimizin bu istiqaməti üzrə bizə yaxşı tərəfdaşlar lazım olacaq. Əlbəttə, sizin Azərbaycandakı fəaliyyətiniz və həyata keçirdiyiniz layihələr bizə sənayemizin qeyri-enerji sektorunu artırmağa kömək edir. Yeri gəlmişkən, sizə deyə bilərəm ki, pandemiyaya və Azərbaycanda keçən il olan iqtisadi azalmaya baxmayaraq, - o, 4,3 faiz olmuşdur, - bizim qeyri-enerji sənayemiz 12,5 faiz artmışdır. Bu, sənayeləşmə proqramının əsl nümayişidir və "Maire Tecnimont” kimi aparıcı beynəlxalq şirkətlə əməkdaşlıq, əlbəttə ki, bizə kömək etdi və gələcəkdə də kömək edəcək.
Mən sizin Azərbaycandakı fəaliyyətinizlə bağlı məlumata baxırdım və əlbəttə ki, Sumqayıtdakı açılış mərasimini də xatırlayıram. O zaman bu mühüm əlamətdar hadisədə Prezident cənab Mattarella mənimlə birlikdə iştirak edirdi. Ümumiyyətlə, sizin şirkətiniz Azərbaycanda dəyəri 1,6 milyard avrodan çox olan layihələrə cəlb olunub və hesab edirəm ki, bu belə də davam edəcək. Çünki siz artıq bizim ölkəyə sadiq olduğunuzu nümayiş etdirmisiniz. Sizin fəaliyyətinizdə yer alan yerli vətəndaşların sayı ilə bağlı dedikləriniz sizin sadiqliyinizi və Azərbaycanda uzunmüddətli strategiyanızı nümayiş etdirir. Çünki burada uzun müddət ərzində fəaliyyət göstərməyi planlaşdırmasaydınız bunu etməzdiniz. Başlanğıcda yalnız italyanlar işləyirdi, indi yerli kadrların sayı 70 faizdən çoxdur. Beləliklə, siz təlimlərə töhfə vermisiniz və bu da çox önəmlidir”.