Kürdə batan 1 nəfərin meyidi tapıldı
03.02.2021
Yanvarın 31-də Kürdə batan şəxslərdən birinin meyiti tapılıb.
DM xəbər verir ki, bununla bağlı Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Bildirilib ki, aparılan axtarış işləri nəticəsində dalğıc-axtarış qrupu tərəfindən 1995-ci il təvəllüdlü Sadıxbəyli Ramin Qaçay oğlunun meyiti bu gün günorta saatlarında Kür çayında tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Batdığı ehtimal olunan Yusifov Səfxan Aydın oğlunun axtarışları davam etdirilir.
Qeyd edək ki, Sadıxbəyli Ramin II Qarabağ müharibəsində iştirak edib. Yaxınlarının sözlərinə görə, o, bu il yanvarın əvvəllərində evə buraxılıb. Mingəçevir şəhərinə isə qonaq gedib. 31 yanvar tarixində Yusifov Səfxan Aydın oğluna aid qayıqla Kür çayında balıq tutmağa gedib. Saat 17:00-dan sonra isə ondan xəbər almaq mümkün olmayıb.