Razi Nurullayevin çıxışı
01.02.2021
Milli Cəbhə Partiyasının sədri, deputat Razi Nurullayev bu gün brifinq keçirib.
DM Musavat.com-a istinadən xəbər verir ki, millət vəkili brifinqdə bildirib ki, müharibə iştirakçıları, o cümlədən yaralılar həkim komissiyaları tərəfindən ciddi şəkildə incidilir. "Əlillik dərəcəsi almaq üçün müraciət edən yaralılar və valideynləri küçələrdə, hərbi hissələrin qapısında qalıb və özlərini alçaldılmış hiss edirlər.
Boynumuza almalıyıq ki, birinci Qarabağ müharibəsində canını qoymuş yüzlərlə igid döyüşçülərimiz və müharibə iştirakçılarımız hələ də haqq etdikləri "Müharibə veteranı” biletini ala bilməyiblər. Amma qoy məndən inciməsinlər, həqiqət naminə deməliyəm ki, bu gün cibində saxta bilet gəzdirən minlərlə insan var. Bəzi dövlət qurumları təsdiq edir ki, onların sayı on minlərlə ölçülür. Bu, daha keçmişdir. Amma o saxta keçmişi kim və necə yaradıbsa, əslində hər kəsə məlumdur”,- deyə, deputat bildirib.
R.Nurullayev əlavə edib ki, indi zəfər qazanıb gələn müharibə iştirakçılarına həkimlər və həkim komissiyaları daha ciddi və həssas yanaşmalıdır: "Onları Musa Peyğəmbər öz qövmünü 40 il səhrada gəzdirdiyi kimi, sərgərdan gəzdirmək yolverilməzdir. Kağızını, sənədini verin, getsinlər. Bir əsgər və valideyni niyə müharibə iştirakçısı sənədini almaq üçün yüz kilometrlərlə yol gedib, kimlərinsə bığının altından keçməlidir? Hərbi komissarlıqlar var, dövlətin sistemi var, kompüteri var, elektron xidmətləri var. Bu yazıq əsgər və zabitlər, müharibə iştirakçıları niyə əsir-yesir edilir? Mən bu məsələlərin qətiyyətlə araşdırılmasını və lazımı tədbirlərin görülməsini tələb edirəm”.
R.Nurullayev brifinqdə gündəmdə olan bahalaşma ilə bağlı da çıxış edib:
"Mən prezident İlham Əliyevin bu siyasəti dəstəklədiyinə inanmıram və inana da bilmərəm. Prezidentə az yalanlar söyləyin, yalan əsaslandırmalar etməyin, rəhbəri zərbə altında qoymayın! Hər şey aşkara çıxacaq, çıxardacağıq. Suyun da qiyməti qalxdı, qorxuram ki, növbəti mərhələdə qazın qiyməti qalxar. Arxasınca da elektrik. Mən bunu çox tələskən və ciddi əsası olmayan addım kimi qiymətləndirirəm. Ölkə müharibədən çıxıbsa, xalq da müharibədən çıxıb və pandemiya içində yaşamaqda davam edir. Problem ondadır ki, əsaslandırma Avropa qiymətləri ilə aparılır. Sosial xidmətlər Avropa qiymətidir, əməkhaqqıları, qazanc və güzəran isə azərbaycansayağı. Məgər xalq avropalılar kimi yaşayır?”