Dünyada yoluxma sayı 102 milyonu ötdü
01.02.2021
Dünyada koronavirus infeksiyasına yoluxma ilə bağlı təsdiq edilmiş halların sayı 102 milyonu ötüb.
Bu barədə Ümumdünya Səhiyyə Təşkilatının məlumatında deyilir.
Təşkilat qeyd edib ki, dünyada 2,2 milyon nəfərdən çox insan pandemiyanın qurbanı olub.
Məlumata görə, pandemiya ərzində COVID-19-a yoluxma hallarının sayı 102 083 344-ə çatıb, koronavirusdan 2 209 195 pasiyent ölüb.
ABŞ dünyada virusa yoluxma hallarının sayına görə lider olaraq qalır. Birləşmiş Ştatlarda 25 milyondan çox insanda COVID-19 aşkarlanıb. Koronavirusa yoluxma halları üzrə siyahıda ikinci yerdə Hindistan (10,7 milyondan çox), üçüncü yerdə Braziliya (9 milyondan çox), dördüncü yerdə isə Rusiya (3,8 milyondan çox), beşinci yerdə Böyük Britaniya (3,7 milyondan çox) qərarlaşıb.
Xatırladaq ki, koronavirus infeksiyası 2019-cu ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Ümumdünya Səhiyyə Təşkilatı fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.