21 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

“Onkoloji xəstələrə vaksin tövsiyə olunmur”

28.01.2021

 Artıq bütün dünyada yayılan yeni növ koronavirus (COVID–19) infeksiyası bir ilə yaxındır ki, bizim ölkəmizdə də mövcuddur. Ölkəmizdə ilk koronavirus daşıyıcısı keçən il fevralın sonunda qeydə alınıb. İndiyədək də bu infeksiyaya yoluxma davam edir. Mütəxəssislər dünyada 100 milyondan artıq insanın yoluxduğu, 2 milyondan çox insanın ölümünə səbəb olan koronavirusun qarşısının yalnız vaksinasiya ilə alına biləcəyini deyirlər.

Azərbaycan Tibb Universitetinin Tibbi mikrobiologiya və immunologiya kafedrasının müdiri, Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun direktoru, professor Həqiqət Qədirova bildirib ki, vaksinlər mikroblardan, ya da onların həyat fəaliyyəti nəticəsində ifraz etdiyi maddələrdən hazırlanmış bioloji preparatlardır: "Bunları insan orqanizminə yeritdikdə həmin mikroba qarşı immunitet yaranır. Ona süni immunitet deyilir. Vaksinlər diri, zəiflədilmiş və öldürülmüş ola bilər. Hazırda bizim ölkədə tətbiq olunan vaksin öldürülmüş virusdur. Həmin virus vero adlanan hüceyrələrdə becərilir, onun kütləsi çoxaldılır, xüsusi üsullarla öldürülür. Müxtəlif maddələr əlavə edilərək stabilləşdirilir və bundan sonra vaksin kimi istifadə olunur”.

Mütəxəssis bir neçə qrup vaksin arasından Çin Xalq Respublikasının "Sinovac" şirkəti tərəfindən istehsal olunan vaksinin seçilməsini onun təhlükəsizliyi ilə əlaqələndirir: "Bu vaksinin seçimi TƏBİB-in Elmi Komitəsində və Səhiyyə Nazirliyinin Elmi-Tibbi Şurasında dəfələrlə müzakirə olunub. Tətbiqi üçün ilk növbədə vaksinin təhlükəsizliyi nəzərə alınmalıdır. Bu nöqteyi-nəzərdən inaktivləşdirilmiş peyvəndlər təhlükəsiz hesab olunur. İkinci parametri isə effektivliyidir. Yəni vaksin orqanizmə vurulduqdan sonra immunitet yaratmalıdır. Bu peyvəndlərin kifayət qədər immunitet yaratmaq qabiliyyəti var. Həmin parametrləri nəzərə alaraq ölkə rəhbərliyi Türkiyədə də geniş istifadə olunan bu vaksinin tətbiqinə qərar verdi. Bir çox ölkədə vaksinin əlçatmaz olmasına baxmayaraq, Azərbaycanda peyvəndləmə prosesinə vaxtında başlanılmasını insan sağlamlığının daim diqqətdə saxlanıldığının göstəricisi kimi qiymətləndirmək lazımdır”.

H.Qədirovanın sözlərinə görə, ilk mərhələdə risk qrupuna daxil olan insanların, o cümlədən tibb işçilərinin vaksinasiya edilməsi doğru yanaşmadır: "Çünki xəstələnənlər arasında tibb işçiləri kifayət qədərdir. Eyni zamanda, yaşı 65-i keçənlər, şəkərli diabet, ürək çatışmazlığı və digər xəstəliklərdən əziyyət çəkənlər vaksinasiyaya birinci mərhələdə cəlb olunmalıdır. Bir virusoloq, immunoloq və mikrobioloq kimi hər kəsin mütəşəkkilliklə vaksinasiyadan keçməsini tövsiyə edirəm. Yanvarın 21-də həmin peyvəndi vurdurmuşam və heç bir mənfi əlamət, yan təsir hiss etməmişəm. Onu da deyim ki, rəhbərlik etdiyim Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunda 200-dən artıq tibb işçisi vaksinasiya olunub. Heç kəsdə, hətta ürəyində stend olan xəstələrdə yan təsir müşahidə olunmayıb. Tam məsuliyyətlə bildirirəm ki, xəstəliyin geniş miqyasda yayıldığı bir vaxtda karantin rejimindən çıxmağın, normal həyata qayıtmağın yeganə yolu vaksinasiyadır. Hələlik bundan etibarlı vasitə yoxdur. Ölkə əhalisinin təxminən 60-70 faizi vaksinasiya olunarsa, kütləvi immunitet yaranar və xəstəliyin qarşısı alına bilər”.

Vaksinasiya tədbirinə qarşı xüsusən də sosial şəbəkələrdə çox güclü antitəbliğat aparılmasından təəssüfləndiyini söyləyən professor insanları çaşdırmağa hesablanmış feyk xəbərlərin reallığa, məntiqə söykənmədiyini vurğulayır. O, Elmi Komitənin üzvlərinin, həkimlərin dəfələrlə çıxış edərək insanları yanlış məlumatlara, videoçarxlara inanmamağa çağırdıqlarını bildirir. Bir daha xatırladır ki, ancaq immundipensant qəbul edən QİÇS-li, onkoloji xəstələrə həmin peyvəndin vurulması tövsiyə olunmur. Bununla yanaşı, COVID-19 əleyhinə peyvəndin hamilə qadınlara və süd verən analara təsirinin öyrənilməməsi səbəbindən onlara da koronavirus əleyhinə vaksin vurulması məsləhət görülmür. Digər hallarda əks-göstəriş yoxdur.

Vaksinasiyadan bir müddət sonra hansısa fəsadların baş verə bilməsi barədə gəzən şaiyələrin də əsassız olduğunu deyən mütəxəssis öldürülmüş vaksinin orqanizmdə uzun müddət qalmaq, inteqrasiya etmək ehtimalının olmadığını diqqətə çatdırıb: "Əgər vaksinasiya olmamışıqsa, yoluxmaq və yoluxdurmaq ehtimalımız çoxdur".