Türkiyədə 15 iyula HAZIRLIQ GEDİR
14.07.2018
Sabah 2016-cı ildə Türkiyədə FETÖ terror təşkilatı tərəfindən həyata keçirilən dövlət çevrilişinə cəhdin ikinci ildönümü tamam olur.
"Dövran Media" xəbər verir ki, Teleqraf.com-un İstanbulda olan müxbiri bu məqsədlə Türkiyədə müxtəlif səpkili tədbirlər keçiriləcəyini, çevrişə cəhd edən FETÖ terror təşkilatının lənətlənəcəyini, hadisə zamanı şəhid edilən türk vətəndaşların anılacağını bildirib.
Artıq bununla bağlı İstanbulun Taksim Meydanında xüsusi səhnə qurulub, meydan bayraqlarla bəzədilib. Şəhid edilən əsgər və mülki vətəndaşların fotolarına rast gəlinir.
Anım mərasimlərinə Azərbaycandan da media nümayəndələri dəvət edilib. Azərbaycan mətbuat nümayəndəsi ötən gün Türkiyə Prezidenti ofisinin Mətbuat Yayımı və İnformasiya İdarəsinin rəhbəri Həbib Qaya ilə görüşüb. Çay süfrəsi ətrafında baş tutan görüş zamanı fikir mübadiləsi aparılıb.
Xatırladaq ki, 2016-cı ilin 15 iyulunda Türkiyədə uzun illər ordu, polis, jandarma və digər dövlət strukturlarında şəbəkələşməyi bacaran FETÖ terror təşkilatı dövlət çevrilişinə cəhd edib. Çevrilişçilər Türkiyə Böyük Millət Məclisini bombalayıb, bir sıra dövlət əhəmiyyətli obyektləri, o cümlədən TRT kanalını ələ keçirib. Lakin türk xalqının qətiyyətli dirənişi, Prezident Ərdoğana açıq dəstək verməsi bu xain planın həyata keçməsinin qarşısını alıb.