Xırdalanda xilasetmə işləri davam edir
26.01.2021
Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllə adlanan ərazidə yerləşən və partlayış nəticəsində uçqun baş vermiş ikimərtəbəli fərdi yaşayış evində Fövqəladə Hallar Nazirliyinin qəza-xilasetmə qüvvələri tərəfindən axtarış-xilasetmə əməliyyatı hələ də davam etdirilir.
DM xəbər verir ki, əməliyyata Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətindən 228 nəfər şəxsi heyət, 19 ədəd texnika və 4 xüsusi təlim keçmiş it, Dövlət Yanğından Mühafizə Xidmətindən 20 nəfər şəxsi heyət və 3 ədəd texnika cəlb olunub.
Qeyd edəki ki, hazırda dağıntılar altında qaldığı ehtimal olunan uşağın xilas edilməsi üçün axtarış-xilasetmə əməliyyatı aparılır. Dağıntılar altında qaldığı ehtimal olunan uşaq 2012-ci il təvəllüdlü Fatimə Musayevadır. Onun atası Vüsal Musayev yaralı vəziyyətdə çıxarılaraq xəstəxanaya yerləşdirilib, anası 1988-ci il təvəllüdlü Aytən Musayevanın isə meyiti çıxarılıb.
İndiyədək dağıntılar altından ümumilikdə 6 nəfər vətəndaş xilas olunub.