21 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Tonoyanın Qarabağ etirafının səbəbi

26.01.2021

 Rusiyanın müharibə zamanı Ermənistana yardım etməsi sirr deyil. Ermənistanın keçmiş müdafiə naziri David Tonoyanın bu haqda indi danışması suyu bulandırmaqdır. O ki qaldı həmin yardımlara, Tonoyan ürək edib bu haqda ətraflı danışmadı. "Aydın səbəblər ucbatından bütün detalları açmayacağam" deyərək oxu atıb, yayı gizlətdi.

Bu sözləri Qlobal və Regional Təhlükəsizlik Problemləri Mərkəzinin rəhbəri, politoloq Qabil Hüseynli Ermənistanın keçmiş müdafiə naziri David Tonoyanın II Qarabağ müharibəsində Rusiyanın Ermənistana yardım etməsinə eyham vurması haqda danışarkən deyib.

Politoloq qeyd edib ki, Kreml Qarabağ münaqişəsinin aktiv fazaya keçəcəyini və müharibə başlayacağını bilirdi:

"Buna görə də istər Azərbaycan, istərsə də Ermənistanla münasibətləri qorumağa çalışırdı. Rəsmi Moskva iki ölkəni də itirə bilməz. Buna görə də tərəf tutmamalı idi. Təbii olaraq hər iki ölkəyə də eyni cür yanaşmaq məcburiyyətində idi. Görünüşdə Rusiya Azərbaycana da, Ermənistana da eyni gözlə baxır. Lakin pərdəarxasında bunun belə olmadığını hər kəs yaxşı bilir. Təsadüfi deyil ki, 44 günlük müharibədən əvvəl Rusiya Ermənistana hava hücumundan müdafiə sistemləri yerləşdirdi. Kreml bu əməlini Ermənistana silah yardımı olaraq deyil, KTMT ölkələrinin hava hücumundan müdafiə qurğularının yerləşdirmə planının ilk mərhələsi olaraq açıqlamışdı. Lakin bununla belə, müharibədən öncə Rusiyadan Ermənistana külli miqdarda silah gətirildi. Rəsmi İrəvan məhz bu yardımlar nəticəsində 44 gün Azərbaycan Ordusuna qarşı müqavimət göstərə bildi. Müharibədən öncə bütün hərbi ekspertlər Ermənistan ordusu ilə Azərbaycan Ordusu arasında fərqin çox olduğunu, rəsmi İrəvanın bu ordu ilə 10 gün belə müqavimət göstərə bilməyəcəyini deyirdilər. Lakin bütün yardımlara baxmayaraq, Azərbaycan tarixi bir qələbə qazandı".

Politoloqun sözlərinə görə, Rusiyanın Ermənistana müharibə zamanı hansı yollarla silah yardımı etməsi bu gün belə mübahisəli mövzudur:

"Rusiya müharibə zamanı Ermənistana 500 ton silah yardımı edib. Bununla bağlı əlimizdə peyk görüntüləri, əks-kəşfiyyat məlumatları və Türkiyə kəşfiyyat xidməti MİT-in bilgiləri var. Düzdür, rəsmi Moskva bu silahların Rusiyanın Gümrüdəki hərbi bazasının yenidən qurulması üçün göndərildiyini açıqlasa da, bu, 500 ton yükün silah olmadığını sübut etmir".