“Fransa Xorvatiyadan əvəz çıxmağa çalışacaq” - PROQNOZ
13.07.2018
Sabah Rusiya paytaxtı Moskva şəhərindəki "Lujniki” stadionunda futbul üzrə Dünya Çempionatının final oyunu keçiriləcək. Bütün rəqiblərindən üstün olan Fransa və Xorvatiya milli komandaları çempion olmaq uğrunda mübarizə aparacaqlar.
Bu iki komandanın finala çıxması gözlənilən idimi? Çempion kim olacaq?
"Qızıl top"un Azərbaycan nümayəndəsi Rasim Mövsümzadə deyib ki, öz ölkəsində keçirilən Avro-2016-nın finalında Portuqaliyaya uduzan (0:1) Fransa millisi həmin məğlubiyyətin əvəzini xorvatlardan çıxmağa çalışacaq.
"2013-cü ildə Fransanın U-20 yığmasıyla dünya çempionu olmuş Paul Pogba, Samuel Umtiti, Florian Thauvin və ehtiyat qapıçı Alphonse Areola kimi futbolçularsa həmin uğuru A millisi ilə də təkrarlamağa cəhd edəcəklər.
Final qarşılaşmanı dünya yığması ilə bir millətin komandasının mübarizəsi kimi də dəyərləndirmək olar. Fransa komandasının heyətində, bəlkə də təmiz fransızlar yalnız müdafiəçi Benjamin Pavard və cinah oyunçusu Thauvindir.
Oyunçuların əksəriyyəti Afrika əsillidir (Kamerun, Əlcəzair, Qvineya, Mali, Seneqal, Toqo, Anqola, Konqo DR, Mərakeş) ki, onların arasında müsəlmanlar da var, məsələn, Qvineya əsilli Pogba. Kamerunlu kişinin oğlu Kylian Mbappenin anası isə əlcəzairlidir, özü də həndbolçu olub (şəkildə: anası, özü, kiçik qardaşı və atası).
Digər futbolçulardan Antoine Qrizmannın atası alman, anası isə portuqal, Hugo Llorisin atası katalon, Olivier Giroudun nənələri italyan, Lucas Hernandezin atası ispan əsillidir”.
R.Mövsümzadənin sözlərinə görə, vaxtilə xorvatların da heyətində braziliyalı Eduardo (2004-2014), Avstriya əsilli Gordon Schildenfeld (2009-2016) kimi futbolçular çıxış edib.
"Amma indi Xorvatiya elə bir millətin komandasıdır. Ümumiyyətlə, rəsmi məlumatlara baxsaq, təxminən 56,6 kv. km. sahəyə malik Xorvatiyanın 4,154 milyonluq əhalisinin 90,42 %-i xorvat, yalnız 1,47 %-i müsəlmandır.
Əsas fanatı elə ölkənin xanım prezidenti Kolinda Grabar-Kitarovic olan Xorvatiya millisində çalışanlar arasında bir qadın da var. İva Olivari adlı xanım komandanın meneceri kimi fəaliyyət göstərir və yəqin, diqqət etmisiniz, oyunlar zamanı ehtiyat oyunçular skamyasında yer alır”.
Müsahibimiz bildirib ki, xorvatlar qrup mərhələsindən sonra finala kimi keçirdikləri hər üç matçda əlavə vaxt oynayıb (120 dəqiqə), onlardan ikisində penaltilər seriyasında qalib gəliblər
"Hətta belə bir lətifə də yaranıb ki, artıq xorvat dilində 4 zaman var: keçmiş, indiki, gələcək zaman və əlavə vaxt.
Son üç Dünya Çempionatının finalında oyunun əlavə vaxta qalması faktı da maraqlı məqamdır. DÇ-2006-da qalib penaltilər seriyasında müəyyənləşsə də, 2010 və 2014 mundiallarında əlavə 30 dəqiqədə vurulan bir qol çempionluğun taleyini həll edib”.
R.Mövsümzadə qeyd edib ki, finalda qarşılaşacaq komandaların şəxsi görüşlərinə gəlincə, öz ölkəsində keçirilən DÇ-1998-in yarımfinalında xorvatlara 2:1 hesabı ilə qalib gələn Fransa millisi həmin mundialı çempion kimi başa vurmuşdu:
"Rəqiblərin Avro-2004-də qrupdakı oyununda isə qalib müəyyənləşməmişdi – 2:2.
Fransa və Xorvatiya komandalarının 2011-ci ildə "Stade de France”da keçirilən son yoldaşlıq görüşü də heç-heçə başa çatıb – 0:0.
Bu komandaların oyununa həm də Mbappe və Luka Modriçin dueli kimi də baxmaq olar. Çempion komandanın üzvü bu il "Ballon d’Or”, yəni "Qızıl top”a əsas namizədlərdən biri olacaq.
Düzdür, "Qızıl top”un tarixində hətta Dünya Çempionatı ilində mundialda oynamayan birisinin bu mükafatı qazanması faktı var (1978-ci ildə ingilis Kevin Keegan). Amma son dövrə baxsaq, 1998-ci ildə fransız Zinedin Zidan, 2002-ci ildə braziliyalı Ronaldo və 2006-cı ildə italiyalı Fabio Kannavaro dünya çempionu olmaqla bərabər, "Qızıl top”a da sahib çıxıblar. 2010 və 2014-cü illərdəsə bu mükafat, müvafiq olaraq, çempion ispan və alman futbolçulara deyil, həmin mundiallarda uğursuz çıxış edən argentinalı Lionel Messi və portuqaliyalı Cristiano Ronaldoya qismət olub”.