Mövlud Çavuşoğlu Ceyhun Bayramova başsağlığı verib
24.01.2021
Bu gün gecə saatlarında Azərbaycan Xarici işlər naziri Ceyhun Bayramovla Türkiyə Xarici işlər naziri Mövlud Çavuşoğlu arasında telefon danışığı baş tutub.
AR XİN Mətbuat Xidməti idarəsindən verilən məlumata görə, M.Çavuşoğlu dəniz quldurlarının Türkiyəyə məxsus "Mozart" yük gəmisinə hücumu nəticəsində gəmi heyətinin azərbaycanlı üzvü Fərman İsmayılovun ölümü ilə əlaqədar Ceyhun Bayramova başsağlığı bildirib.
Türkiyə xarici siyasət idarəsinin rəhbəri gəmi heyətinin axtarış-xilasetmə işlərinə başlanıldığını söyləyib. Nazir Ceyhun Bayramov həmkarına təşəkkür edib və xilasetmə işlərinin tezliklə uğurla nəticələnməsini arzulayıb.
Gəmi heyətinin öldürülən azərbaycanlı üzvünün nəşinin vətənə gətirilməsi üçün əlaqələndirilmiş şəkildə müvafiq tədbirlərin həyata keçiriləcəyi qeyd olunub.
Nazirlər dəniz quldurlarının beynəlxalq hüquqa zidd əməllərini qəti şəkildə qınayıblar.