21 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

İlham Əliyev 2 fərman imzaladı

19.01.2021

 Prezident İlham Əliyev Qarabağ Dirçəliş Fondunun fəaliyyətinin təmin edilməsi haqqında fərman imzalayıb.

DM fərmanın mətnini təqdim edir:

1. "Qarabağ Dirçəliş Fondunun Nizamnaməsi” təsdiq edilsin (əlavə olunur).

2. "Qarabağ Dirçəliş Fondunun strukturu” təsdiq edilsin (əlavə olunur).

3. Müəyyən edilsin ki, Qarabağ Dirçəliş Fondunun (bundan sonra – Fond) nizamnamə fondu 1 (bir) milyon manatdır və dövlət büdcəsinin vəsaiti hesabına formalaşdırılır.

4. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etsin.

5. Fond:

5.1. əməyin ödənişi fondunu, işçilərinin say həddini və əməkhaqlarının (vəzifə maaşının, vəzifə maaşına əlavələrin, mükafatların və digər ödənişlərin) məbləğini bir ay müddətində təsdiq etsin;

5.2. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

6. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Fərmanın 3-cü hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.

***

Prezident İlham Əliyev işğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndələri haqqında fərman imzalayıb.

Fərmanda deyilir:

1. İşğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəlikləri təsis edilsin.

2. Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliklərinə Azərbaycan Respublikası Prezidenti tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən və birbaşa Azərbaycan Respublikasının Prezidentinə tabe olan Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndələri (bundan sonra – xüsusi nümayəndə) rəhbərlik edirlər.

3. Müəyyən edilsin ki:

3.1. xüsusi nümayəndə Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi ərazi hüdudlarında Azərbaycan Respublikasının Prezidentini təmsil edən vəzifəli şəxsdir;

3.2. xüsusi nümayəndə Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi ərazi hüdudlarında Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi səlahiyyətləri həyata keçirir.

4. Azərbaycan Respublikası Prezidentinin Administrasiyası Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəlikləri haqqında əsasnamənin layihəsini və xüsusi nümayəndəliklərin fəaliyyətinin təşkilinə dair təkliflərini on beş gün müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin.

5. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etsin.