Hirkan Milli Parkındakı yanğınla bağlı RƏSMİ AÇIQLAMA
18.01.2021
Astara rayonu ərazisində Hirkan Milli Parkında baş vermiş yanğının söndürülməsi ilə əlaqədar Fövqəladə Hallar Nazirliyi tərəfindən operativ və təxirəsalınmaz tədbirlər davam etdirilir.
Nazirlikdən bildirilib ki, yanğının söndürülməsinə relyefin mürəkkəbliyi və hava şəraitinin əlverişsizliyi ciddi maneə yaradır.
Yanğının daha geniş sahəyə yayılması və Milli Parkın ərazisinə, ümumiyyətlə, ekologiyaya daha böyük ziyan vurmasının qarşısının alınması məqsədilə FHN-in qüvvələri tərəfindən zəruri tədbirlər davam etdirilir.
Bu gün yanğınsöndürmə əməliyyatına Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətindən 44 nəfər şəxsi heyət, 2 texnika, Mülki Müdafiə Qoşunlarından 28 nəfər şəxsi heyət, 2 texnika, Xüsusi Riskli Xilastemə Xidmətindən 31 nəfər şəxsi heyət, 2 texnika, Cənub Regional Mərkəzindən 18 nəfər şəxsi heyət, 2 texnika, eyni zamanda Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 15 nəfər əməkdaşı cəlb olunub. Əməliyyata, həmçinin Fövqəladə Hallar Nazirliyi Aviasiya dəstəsinin "BE-200ÇS” tipli amfibiya təyyarəsi də cəlb edilib.