21 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

“Naxçıvan dəhlizinin açılması ucuzlaşmaya səbəb olacaq”

18.01.2021

 "Naxçıvan dəhlizinin açılması üçün konkret işlər gedir. Mən hadisələri qabaqlamaq istəmirəm, amma bu dəhlizin açılması noyabrın 10-da imzalanmış Bəyanatda öz əksini tapıb. Ona görə də bu dəhliz mütləq açılacaq və bölgəyə yeni imkanlar gətirəcək. Bu yol gələcəkdə çoxtərəfli əməkdaşlıq üçün xüsusi əhəmiyyətə malikdir”. 

Bu sözləri Prezident İlham Əliyev 2020-ci ilin yekunlarına həsr olunmuş videoformat müşavirəsində danışarkən deyib.

Qeyd etmək lazımdır ki, Naxçıvan dəhlizinin açılması həm də bəzi məhsulların ucuzlaşmasında da böyük rolu oynayacaq.

İqtisadçı Natiq Cəfərli bildirib ki, nəqliyyat xərclərinin azalması, məhsulların qiymətində də dəyişikliyə səbəb olacaq:

"Türkiyədən daha qısa yolun Azərbaycana açılması nəqliyyat xərclərinin azalmasına səbəb olacaq ki, bu da öz təsirini məhsulların maya dəyərinin ucuzlaşmasında özünü göstərəcək.

Amma, bu yolun hansı şərtlər daxilində açılması, nə zaman fəaliyyətə verilməsi sual altındadır. Ümid edirik ki, yaxın zamanda istifadəyə verilər”.

N.Cəfərlinin sözlərinə görə, Naxçıvandan açılacaq yol daha qısa olduğu üçün tranzit xərclərində də daha sərfəli olacaq:

"Demək istəyirəm ki, Bakı-Tiblisi-Qars dəmir yolu işləyir, yəni dəmir yolu vasitəsi ilə yükdaşımalar həyata keçirilir. Sadəcə, Naxçıvandan açılacaq yol daha qısadır. Qısa olması həm zaman baxımından, həm də tranzit xərclərində daha sərfəli olacaq, nəqliyyat xərcləri daha ucuz başa gələcək. Buna görə də məhsulların qiymətində də dəyişikliklər baş verəcək.

Bunlar tələb və təkliflərdən, Türkiyədən gələn məhsulların ümumi çeşidindən, gömrük siyasətindən və gömrük rüsumlarından da aslıdır. Belə məsələlərə kompleks yanaşmaq daha düzgün olar.

Yeni yol açıldıqdan sonra Azərbaycan bazarında müəyyən məhsulların qiymətinin düşməsinin şahidi ola bilərik”.