Azərbaycanda bu gündən vaksinasiya BAŞLANIR
18.01.2021
Azərbaycanda bu gündən koronavirusa qarşı vaksinasiyaya başlanılır.
DM xəbər verir ki, bununla bağlı Nazirlər Kabinetinin 2021-ci il 16 yanvar tarixli Sərəncamı ilə "Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası” təsdiq edilib.
Bunun üçün Azərbaycana 4 milyon doza "Sinovac” peyvəndinin gətirilməsi nəzərdə tutulub.
Vaksinasiya iki mərhələ üzrə aparılacaq. Birinci mərhələdə səhiyyə işçiləri, yaşı 65-dən yuxarı olan şəxslər və hüquq-mühafizə orqanları tərəfindən əks-epidemik tədbirlərə cəlb olunan heyət peyvəndlənəcək.
İkinci mərhələdə isə tibbi cəhətdən yüksək risk qrupuna (tənəffüs sistemi, hemodializ, şəkərli diabet, piylənmə kimi xroniki xəstəlikləri olanlar) aid olan şəxslər, yaşı 50 və daha yuxarı olan və ən az bir xroniki xəstəliyi olanlar, təhsil və sosial sektorda çalışanlar, sosial müəssisələrdə daimi yaşayanlar, ASAN Xidmət və DOST mərkəzləri, ictimai nəqliyyat sektorunun, telekommunikasiya operatorları və provayderlərinin və poçt sahəsində birbaşa əhali ilə təmasda olan işçilərin və bank sektorunun birbaşa əhali ilə təmasda olan hissəsi, yüksək riskli şəraitli işlərdə çalışan (cəmiyyətin fəaliyyəti üçün həyatı vacib sahələrdə çalışan – milli və regional təhlükəsizlik, ədliyyə, maliyyə və s.) şəxslərə peyvənd tətbiq ediləcək.