Avropa ölkəsi Qarabağ üçün büdcə ayırdı
15.01.2021
Azərbaycan və Macarıstan macar şirkətlərinin İkinci Qarabağ müharibəsi nəticəsində azad edilmiş ərazilərin bərpasında iştirak etməsini müzakirə ediblər.
DM Trend-ə istinadən xəbər verir ki, bu barədə Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto öz Feysbuk səhifəsində yazıb.
O bildirib ki, həmin məsələ Azərbaycanın əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevlə videokonfrans zamanı müzakirə olunub:
"Macarıstan həmişə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib. Münaqişə başa çatdıqdan sonra biz macar şirkətlərinin müharibə nəticəsində zərər dəyən rayonların bərpasında iştirakı məsələsini müzakirə etmişik”.
P.Siyarto qeyd edib ki, Azərbaycan tərəfi bu fikri alqışlayıb və Macarıstanın "EximBank"ı rekonstruksiya proqramında iştirak etmək niyyətində olan macar şirkətləri üçün 100 milyon dollar məbləğində kredit xətti açıb.
Nazir əlavə edib ki, müharibənin fəsadlarının aradan qaldırılması çərçivəsində Macarıstan ərazilərin minalardan təmizlənməsi işlərinə 25 min avro qrant təklif edib.