Prezident üç nazirliyə yeni səlahiyyət verdi
11.01.2021
"Avtomobil nəqliyyatı haqqında” Qanunun 26.4-cü maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Prezidenti həyata keçirəcək.
DM xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev fərman imzalayıb.
Fərmana əsasən, həmin Qanunun 26.4-cü maddəsində "orqan (qurum)” dedikdə Daxili İşlər Nazirliyi, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi nəzərdə tutulur.
Təhlükəli yüklərin daşınmasına münasibətdə Fövqəladə Hallar Nazirliyi, Bakı, Sumqayıt və Gəncə şəhərlərinin inzibati ərazisində avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili sərnişindaşımaya və taksi minik avtomobilləri ilə sərnişindaşımaya münasibətdə, müvafiq olaraq, Bakı Nəqliyyat Agentliyi, Sumqayıt və Gəncə şəhər icra hakimiyyətlərinin başçıları yanında avtomobil nəqliyyatı ilə sərnişindaşıma idarələri nəzərdə tutulur.
Qeyd edək ki, həmin Qanunun 26-cı maddəsində avtomobil nəqliyyatı ilə daşımaların təhlükəsizliyinin və ətraf mühitin mühafizəsinin təmin olunması məsələləri öz əksini tapıb.