Ölkəmiz bundan 100 milyard qazanacaq
08.01.2021
Azərbaycan Dünya Bankının "Doing Business” hesabatına görə, dünyada ən çox islahat aparan 10 ölkədən biridir. Biz praktik olaraq hesabatda ilk 30-luğa daxil oluruq. Bu, həm hesabatın, həm də bir çox indiqatorun göstəricilərinə görə inkişaf etmiş ölkələrlə müqayisədə çox yaxşı nəticədir.
Bu sözləri millət vəkili, iqtisadçı-alim Vüqar Bayramov yanvarın 6-da Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən 2020-ci ilin yekunlarına həsr olunmuş videoformatda müşavirə haqda danışarkən deyib.
O xatırladıb ki, ölkə başçısı ötən ilin iqtisadi göstəricilərindən danışarkən bir çox məsələlərə toxunub:
" 2020-ci il ölkə iqtisadiyyatında əsas xarici faktor pandemiya və onun təsirləri idi. Pandemiya qlobal və milli səviyyədə iqtisadiyyata təsir göstərdi. 2020-ci ildə ölkə iqtisadiyyatı 4 faiz azaldı. Bu azalmanı məqbul hesab etmək olar. Çünki qeyri-neft sektorunda 11 faizdən çox bir artım müşahidə olundu. Digər tərəfdən isə iqtisadiyyatda yaşanan azalma tempi həm region, həm də dünya üzrə ortalama temp ilə müqayisədə daha aşağıdır”.
Ekspertin sözlərinə görə, Azərbaycan pandemiyanın təsirlərini minimallaşdırmaq üçün çevik reaksiya göstərdi:
"2020-ci ildə reallaşan sosial paket 4 milyon vətəndaşımızı əhatə etdi. Azərbaycan hökuməti iqtisadi paket çərçivəsində biznesə, o cümlədən muzdla işləyən vətəndaşlarımıza dəstək nümayiş etdirdi. Eləcə də 2020-ci ildə tarixi məqamlardan biri də o oldu ki, Azərbaycan mavi qazının Avropa bazarına nəqli reallaşdı. TAP boru kəmərinin istifadəyə verilməsi Azərbaycanın strateji mövqeyini bir az da artırdı. Bu layihə həm də ölkəmizin əldə edəcəyi qazancı da artıracaq.
Azərbaycan Cənub Qaz Dəhlizi vasitəslə Türkiyəyə ildə 7 mlrd. kubmetr, Avropaya birinci mərhələdə 10, ikinci mərhələdə isə 20 mlrd. kubmetr qaz nəql edəcək. Bu, ölkəmizə gələcəkdə 100 mlrd. dollar gəlirin gəlməsinə şərait yaradacaq. Bu hadisə Azərbaycanda növbəti il üçün strateji əhəmiyyət daşıyır”.