21 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Prezident azad edilmiş ərazilərdəki enerji potensialından DANIŞDI

07.01.2021

 Azad edilmiş torpaqlarda böyük enerji potensialı var.

DM xəbər verir ki, bunu Prezident İlham Əliyev 2020-ci ilin yekunlarına həsr olunmuş müşavirədə deyib.

"Bəri başdan demək istəyirəm ki, mən azad edilmiş əraziləri yaşıl enerji zonası kimi görmək istərdim. Kifayət qədər imkanlar var. Birincisi, Xudafərin və Qız qalası hidroqovşaqlarında qurulacaq su elektrik stansiyaları böyük enerji potensialına malikdir. Bu stansiyalar işə başlayandan sonra bizə düşən enerji gücləri təqribən 100 meqavatdan çox olacaqdır. Eyni zamanda, Kəlbəcər və Laçın rayonlarında su elektrik stansiyalarının yaradılması məsələsi gündəlikdədir. Mənfur düşmən bu torpaqlardan çıxanda bütün su elektrik stansiyalarımızı da məhv edib”, - deyə Prezident qeyd edib.

Ölkə başçısının sözlərinə görə, ermənilər tərəfindən 13 su elektrik stansiyasını dağıdılıb, məhv edilib. Bu stansiyalar yenidən qurulacaq. Ərazilərin bərpası proqramında bu məsələ üçün vəsait ayrılmalıdır.

"Mütəxəssislər yerində baxmalıdırlar, təkliflər verməlidirlər. Əlbəttə ki, bu stansiyaların nə vaxt işə düşəcəyi ardıcıllığı müəyyən edilməlidir. Çünki hələ ki, orada əhali yoxdur. Bu stansiyaların işə düşməsi oraya əhalinin qaytarılması və iqtisadi-sənaye fəaliyyətinin bərpası ilə uzlaşmalıdır. Amma bu işlər mütləq indidən görülməlidir. Bütün bu bölgə dünya üçün yaşıl enerji zonası kimi bir nümunə olacaq”, - deyə Prezident qeyd edib.

Ölkə başçısı əlavə edib ki, eyni zamanda, ən müasir texnologiyalar tətbiq edilməlidir, iqtisadi cəhətdən ən sərfəli texnologiyalar, elektrik enerjisinə qənaət edən texnologiyalar və yaşıl enerji – su, külək, günəş.

"Nəzərə alsaq ki, bərpa olunan enerji növlərinə çox böyük maraq var və keçən il müzakirə olunan layihələr artıq reallaşır. 240 meqavat gücündə külək elektrik stansiyasının tikintisinə start verilir, xarici investor bu stansiyanı öz pulu ilə tikəcək. Digər layihə - 200 meqavat gücündə günəş elektrik stansiyası nəzərdə tutulur. Bunları nəzərə alaraq biz xarici investorları azad olunmuş torpaqlara cəlb etməliyik. Çünki bu gün bu sahəyə investisiya qoymaq istəyən böyük transmilli şirkətlərin sayı kifayət qədər çoxdur. Bəlkə 10-a yaxın şirkət maraq göstərir və onlar üçün əsas istiqamət azad edilmiş torpaqlar olmalıdır”, - deyə İ. Əliyev qeyd edib.

Prezident vurğulayıb ki, Azərbaycan öz enerji potensialımızı gücləndirir. Hazırda gücü 300 meqavatdan çox olan Qobu elektrik stansiyası da inşa edilir ki, bu da ölkənin enerji potensialını gücləndirəcək.

"Azad edilmiş torpaqlarda ən müasir standartlara cavab verən enerji sistemi yaradılmalıdır. Göstəriş verilib, artıq Şuşa şəhərinə iki xətt çəkilir, biri "Azərenerji”, digəri "Azərişıq” tərəfindən. Əlbəttə, biz bunu operativ qaydada icra etməliyik. Çünki hazırda Şuşada ancaq generatorlar işləyir. Amma azad edilmiş bütün torpaqlarda bizim enerji sistemimizə inteqrasiya edilmiş, bir-biri ilə bağlı olan enerji sistemi yaradılmalıdır”, - deyə ölkə başçısı qeyd edib.