Prezidentdən ANAMA ilə bağlı GÖSTƏRİŞ
07.01.2021
"Minalardan təmizlənmə ilə əlaqədar, hesab edirəm ki, biz bu sahəni böyük dərəcədə gücləndirməliyik. Çünki mənə verilən məlumata görə, bu günə qədər bu məsələ ilə məşğul olan qurumun heç hər hansı bir dövlət statusu da yoxdur. ANAMA qurumunun dövlət statusu yoxdur, bu, adi agentlikdir".
DM xəbər verir ki, bunu Prezident İlham Əliyev yanvarın 6-da 2020-ci ilin yekunlarına həsr olunmuş videoformatda keçirilən müşavirədə çıxışı zamanı deyib.
Dövlət başçısı deyib: "O, faktiki olaraq dövlət idarəetmə strukturunda agentliyə xas olan səlahiyyətlərə malik deyil. Bu, vaxtilə yaradılmış komissiyanın nəzdində olan bir qurumdur. Ona görə mən artıq göstəriş vermişəm ki, bu qurum yaxın günlərdə yenidən təşkil edilsin. Ərazilərin Bərpası Agentliyi ilə birləşdirilməsinə də baxmaq olar. Çünki bu qurumun də faktiki olaraq agentlik statusu yoxdur. Say tərkibinə baxılmalıdır. Mənə verilən məlumata görə, orada təqribən 500 adam çalışır. Nə qədərdir?".
Baş nazir Əli Əsədov: 560 nəfər.
"Əlbəttə, bu tərkiblə biz istədiyimizə nail ola bilmərik. Yeni yaradılacaq bu qurum ən müasir texnika ilə təchiz edilməlidir. Dövlət İnvestisiya Proqramında bunu mütləq nəzərə alın ki, biz bu məsələyə çox vaxt itirməyək. İndi bəzi rəqəmlər səslənir, bəzi bəyanatlar verilir. Hesab edirəm ki, bu bəyanatlar yersizdir. İndi oturub bunu hesablamaq ki, biz bu torpaqları neçə ilə minalardan azad edəcəyik, sadəcə olaraq, məsuliyyətsizlikdir. Heç kim deyə bilməz. Burada hər hansı bir meyar, yaxud da ki, əmsal ola bilməz. Çünki mənfur düşmən hər tərəfi minalayıb və xəritələri də bizə verməyib. Biz nə qədər tələb etmişik, o minaların xəritəsi olmalıdır və onlar bizə verilmir. Ona görə indi biz gərək öz işimizi prioritetlər əsasında quraq, əslində, qurmuşuq", Prezident İlham Əliyev bildirib.