Əsirlərimizə qarşı vəhşilik
06.01.2021
Ermənistan azərbaycanlı əsirlərə qarşı insani və hüquqi normalara sığmayan hərəkətlərə yol verib. Bunu düşmən tərəfindən alınan əsirlərin mətbuata açıqlamasından da görmək mümkündür. Bütün bu hallar hüquqi olaraq rəsmi İrəvanın əleyhinə istifadə edilməlidir.
Bu sözləri açıqlamasında hüquqşünas, Müvəkkil Hüquq Mərkəzinin sədri Səməd Vəkilov deyib.
O bildirib ki, azərbaycanlı əsirlərlə rəftar halları kompleksləşdirilməlidir:
"Bu məsələlər Azərbaycan Hərbi Prokurorluğu tərəfindən araşdırılıb kompleksləşdirilərək beynəlxalq tribunala təqdim edilməlidir.
Bundan başqa, Ermənistan Azərbaycanın mülki əhalisinə qarşı dəfələrlə qadağan olunmuş silahlardan istifadə edib. Həmin silahlardan istifadəni erməni hərbi ekspertləri özləri də təsdiq edirlər. Bu silahlardan istifadəyə dair əmri yalnız Ermənistan silahlı qüvvələrinin ali baş komandanı verə bilər. Ona görə də hərbi əsirlərə qarşı törədilmiş cinayətlər, o cümlədən Azərbaycanın mülki əhalisinə qarşı qadağan olunmuş silahlardan istifadəyə dair materiallar toplanmalı və məsələ beynəlxalq təcrübə ilə hərbi məhkəmələrdə həll edilməlidir”.