Göyçayda 6 ayda 28 min 765 ton pomidor istehsal olunub
10.07.2018
Göyçayda pomidorun topdansatış qiyməti bəzi günlərdə 20-25 qəpiyədək düşür. Bu, təbii ki, məhsul bolluğu ilə əlaqədardır.
Rayon statistika idarəsindən verilən məlumatda bildirilir ki, cari ildə 249,1 hektarda pomidor yetişdirilir. Pomidor sahələri ötən yarımildəkindən 32,6 hektar çoxdur.
Son zamanlar ilboyu məhsul istehsalına imkan verən istixana təsərrüfatına maraq çox artıb. Təsadüfi deyildir ki, sahələrin yarıdan çoxu istixanalardadır.
Rayonun demək olar ki, bütün ərazilərində sakinlər tərəvəzçiliklə məşğuldur. Təkcə Ləkçıplaq ərazi vahidində 94 hektarda pomidor, habelə xiyar yetişdirilir. Şəkər və Mırtı ərazi vahidlərində də müvafiq olaraq 44 və 22 hektarda əkin aparılıb.
Qeyd edək ki, cari ilin ötən 6 ayında Göyçayda 28 min 765 ton pomidor istehsal olunub ki, bu, ötən yarımildəki göstəricidən 48 ton artıqdır. Hazırda pomidor yığımının qızğın çağıdır. Hər gün ətraf rayonların və iri şəhərlərin bazarlarına tonlarla pomidor daşınır. Məhsul bolluğu, təbii ki, qiymətlərə də ciddi təsir göstərir. Təsadüfi deyildir ki, bəzi günlərdə pomidorun topdasatış qiyməti aşağı düşür. Ümumiyyətlə isə yarımillikdə rayonda orta topdansatış qiyməti 55 qəpik olub.