Yaxın Şərq yenidən qurulur
06.01.2021
Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), Bəhreyn və Misirin Qətərlə quru, hava və dəniz sərhədlərini açması mühüm hadisədir. Bu hal belə özlüyündə 2021-ci ilin Yaxın Şərq regionu üçün aktiv bir il olacağını göstərir. Düşünürəm, bu proses İran-ABŞ münasibətlərində yaşanan gərginliklə də bağlıdır.
Bu sözləri siyasi ekspert Vüqar Zifəroğlu Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), Bəhreyn və Misirin Qətərlə quru, hava və dəniz sərhədlərinin açılması yönündə verdikləri qərarı şərh edərkən deyib.
O bildirib ki, biz 2021-ci ildə yeni bir Yaxın Şərq görəcəyik:
"2020-ci ilin dekabrında baş verənlər 2021-ci ildə Yaxın Şərqdə çox ciddi və yeni siyasi proseslərin olacağının xəbərçisi idi: xüsusilə Türkiyə-İsrail münasibətlərinin normallaşması istiqamətində cəhdləri, Qətər krizisinin sonlanması və faktiki olaraq Qətərin Ərəb Liqasına yenidən qayıtmasını, Türkiyə-Səudiyyə Ərəbistanı münasibətlərinin yaxşılaşmasını, İran ətrafında baş verən son olaylar və ABŞ-İran münasibətlərindəki gərginliyi qeyd etmək olar.
Faktiki olaraq ərəb ölkələri öz aralarındakı münasibətləri böyük ölçüdə nizama salıb. Türkiyə-ərəb ölkələri münasibətlərində də ciddi bir yaxşılaşma görünür. Təbii ki, bu proseslərdə dəqiq strateji maraqları olan, düzgün gediş edən ölkələr qazanclı çıxacaq. Digər tərəflər isə daha çətin günlər yaşayacaq, daha böyük problemlər ilə üzləşəcək”.
Ekspertin sözlərinə görə, Qətər Yaxın Şərq üçün çox vacib ölkədir:
"Qətər ərazisinə görə kiçik olsa da, dünyanın ən böyük neft və qaz ixracatçılarındandır, bir çox önəmli şirkətin investoru və hissədarıdır. Bu mənada Qətər bir çox ölkənin iqtisadiyyatına təsir etmək imkanına sahibdir.
Digər bir məsələ də Qətər-ABŞ münasibətləridir. Ümumiyyətlə, son günlər Fars körfəzində yaşanan İran-ABŞ gərginliyi region ölkələrini bir-birinə yaxınlaşdırıb. Belə bir zamanda Qətərin kənarda qalması doğru olmazdı. Qətər ən böyük ABŞ hərbi kontingentinə sahib ölkələrdən biridir. Bu mənada deyə bilərəm ki, Qətərin yenidən Ərəb Liqasına qayıtması çox müsbət bir haldır”.