Yaponiyada ölənlərin sayı 140-ı ötüb
10.07.2018
Yaponiyada leysanlar və torpaq sürüşməsi nəticəsində ölənlərin sayı 140-ı ötüb, habelə 70 nəfərin harada olduğu müəyyən edilməyib.
Bu barədə Yaponiya Nazirlər Kabinetinin baş katibi Yosixide Suqa Tokioda keçirilən mətbuat konfransında məlumat verib.
TASS informasiya agentliyi xəbər verir ki, Yosixide Suqanın sözlərinə görə, leysan və torpaq sürüşməsi səbəbindən 134 nəfər ölüb, 7 nəfər kliniki ölüm vəziyyətindədir. Habelə 10 nəfər itkin düşüb, əsasən Xirosima sakinləri olan 78 nəfərin harada olduğu müəyyən edilməyib. Hökumət tərəfindən təbii fəlakətin vurduğu zərərin aradan qaldırılması işlərinə 7,2 milyard ien (64,8 milyon ABŞ dolları) vəsait ayrılıb. Polis, Özünümüdafiə Qüvvələrinin döyüşçüləri də daxil olmaqla 75 min nəfər xilasetmə işlərinə cəlb edilib.
Bu təbii fəlakət 1953-cü ildə Yaponiyada baş vermiş daşqından sonra ən böyüyüdür. O zaman Kyuşu adasında 759 nəfər ölmüş, 450 mindən çox insan evsiz qalmışdı.