Sürüşmə zonasından çıxarılan ailələrə kirayə pulu veriləcək: Nazirlər Kabineti
25.01.2018
Eldar Əzizov: "Dağ yamacının altında iki yeraltı çayın axdığı müəyyən edilib”
Səbail Rayon İcra Hakimiyyətinin başçısı Eldar Əzizov bu gün sürüşmə zonasında və həmin ərazidən köçürülən sakinlərin yerləşdirildiyi 163 saylı orta məktəbdə olub və sakinlərlə görüşüb.
Səbail Rayon İcra Hakimiyyətindən verilən məlumata görə, E. Əzizov sürüşmə zonasında görülən işlərlə tanış olub. Daha sonra o, məktəbdə müvəqqəti yerləşdirilən 68 sakinlə görüş keçirib. İcra başçısı vətəndaşların yerləşmə şəraiti və digər problemləri ilə maraqlanıb. Qeyd edilib ki, ərazidə araşdırma aparan mütəxəssislər həmin dağ yamacının altında iki yeraltı çayın axdığını müəyyənləşdiriblər. Bu çaylarda suyun səviyyəsinin dəyişməsi, eləcə də yağıntıların səviyyəsinin artması sürüşməyə səbəb olan amillərdəndir.
Görüşdə bildirilib ki, artıq bu məsələ ilə bağlıNazirlər Kabinetitərəfindən müvafiq qərar qəbul olunub. Sürüşmə zonasından çıxarılan 80 ailəyə - 390 nəfərə bu aydan etibarən müvəqqəti olaraq kirayə haqqı ödəniləcək. Hazırda Ekologiya və Təbii Sərvətlər Nazirliyi və digər qurumlarla birgə ərazidə araşdırma aparılır. Nəticə müəyyən olunanadək sakinlər kirayə haqqı ilə təmin olunacaq. Nəticədə bəlli olduqdan sonra çıxarılan rəyə uyğun tədbirlər görüləcək. Əgər ərazidə təhlükə davam edərsə, vətəndaşlara birdəfəlik kompensasiya verilərək ərazidən köçürülmə məsələlərinə baxılacaq./apa/