21 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Xankəndidə əsir düşən qazimizdən açıqlama

05.01.2021

 DM İkinci Qarabağ savaşının iştirakçısı, qazi, döyüşlər zamanı ağır yaralanaraq əsir düşən Bayram Yaşar oğlu Kərimovla müsahibəni təqdim edir.

Bayram Yaşar oğlu Kərimov 03.02.1992-ci ildə Gəncə şəhərində anadan olub. Müharibədən əvvəl ustalıq fəaliyyəti ilə məşğul olan Bayram müharibənin ilk günlərindən döyüşlərə qatılır. Xankəndi uğrunda gedən döyüşlərdə belindən güllə yarası alaraq əsir düşür.

- Bayram, həmişə azadlıqda, evində-eşiyində. Necəsən? Özünü necə hiss edirsən, səhhətin necədir?

- Çox sağ olun, Allah razı olsun. Səhhətim artıq yaxşılaşır, həkimlərimiz çox gözəl baxdılar mənə, baxırlar da. Sağ olsun hər biri, təşəkkür edirəm.

- Bayram, inanırsanmı bu olanlara? Təəssüf ki, bunlar film deyil, realdır. Sənin üçün çox dəhşətli olar baş verənlər...

- Bəli. Çox dəhşətli anlar idi. Şokundayam hələ də. Amma içimi sərinlədən, "buna dəydi” deyəcəyim bir şey var, o da torpaqlarımızın işğaldan azad olunmasıdır. Şükür bu günə ki, Azərbaycan xalqı ürəkdən sevinə bildi. Buna görə əsir də düşməyə dəyər, şəhid, qazi olmağa da.

- Necə oldu hadisə, Bayram? Necə əsir düşdün?

-Hər şey yaxşı idi. Döyüşürdük. Yaralandım, əsir götürdülər. Bir göz qırpımında oldu hər şey. Amma öz səhvim ucbatından. Döyüş yoldaşlarımdan geridə qalmışdım...Vuruldum...

- Necə yaralandın? Özündə idinmi?

- Yox, özümdə deyildim. Yaram ağır idi. 3 gün sonra ayılmışam. Belimdən güllə yarası almışdım. Ayılanda olanlara inana bilmirdim...

- Əsir düşməmişdən əvvəl hansı ərazilərdə döyüşmüşdün, harda əsir düşdün?

- Füzulidə, Şuşada döyüşmüşəm. Xankəndidə isə əsir düşmüşəm...

- Əsir düşdüyün anı necə xatırlayırsan? Necə oldu tək qaldın, neçə nəfər əsir götürdü səni?

- Tək qaldım deyəndə, döyüş gedirdi, dediyim kimi, mən bir az arxada qaldım. Vurulma anına qədər hər şeyi xatırlayıram. Sonrasını yox. Yaram çox ağır idi deyə, özümdə olmamışam. Necə götürüblər, nə olub, bilmirəm. Gözümü açdım ki, Ermənistandayam... Daha doğrusu, gördüm, bir nəfər əlində ağ bayraq mənə yaxınlaşır...

- Sonra nə gördün bəs? Xatırlayırsan?

- Orda ayılanda 10 gün ailəmi belə yadıma sala bilməmişəm. Danışıqdan, ətrafdan bildim ki, Ermənistandayam. Bilirdim ki, bizimkilər deyil, şok vəziyyətindəydim. Tam dərk eləmirdim olanları. Tez-tez başıma yığışırdılar. Vururdular.

- Qırmızı Xaç Komitəsi gələndən sonra da?

- Yox. Ondan sonra bir az baxmağa başladılar. Qeydiyyata alındım, gəlib yoxlayırdılar. Amma çox döyürdülər. Gələn şillə-yumruq vururdu birinci, bir az sağalan kimi başladılar möhkəm döyməyə. Döyüb-döyüb gülürdülər. Yalın əllə döymürdülər həm də. Toka verirdilər, dubinka ilə döyürdülər...

- Bayram, yarana necə, baxırdılarmı? Ağır yaralı halda zərbələrə dözməyə bilərdin...

- Hə. Amma onda da acıq çıxırdılar. Candərdi edirdilər hər şeyi. Yarama belə sağalda-sağalda vururdular ki, ağrı versin.

- Sənin yanında başqa əsirlər var idimi bəs? Hansı şəraitdə saxlanılırdınız?

- Türməyə oxşayırdı, amma türmə deyildi. Qapıları dəmirdən, türmə qapısı kimi, balaca otaqlar idi. Həkimlər-filan gəlirdi. O biri otaqlarda da əsirlər var idi. Görmürdük bir-birimizi. Hamımızı döyürdülər.

- Azərbaycanca danışırdılar səninlə? Yoxsa elə ancaq erməni dilində?

- Özləri yox, amma tərcüməçi gəlmişdi, sual-cavab edirdilər. Amma bilənlər var idi. Ara-sıra sözlər deyirdilər.

- Bayram, Birinci Qarabağ savaşında da əsir düşəndə özünü öldürənlər var idi. Səndə şərait yaranmayıb, əgər yaransa, özünü öldürməyə ürəyin gələrdimi?

- Gözümü belə qırpmadan. Vətən yolunda getməmişəmmi? Məni topun dalğası da elə günə qoymuşdu ki, üstümdə heç nə yox idi. Ayılanda da ora-bura çox baxdım, bıçaq belə əlimə keçsə, özümə soxub öldürərdim. Təəssüf ki, heç nə yox idi...

- Ümidin var idimi, ümumiyyətlə? Heç düşündün ki, artıq sondur, qayıda bilməyəcəksən?

- Açığı, hə. Oldu bir az. Amma həm də qayıdacağımı düşündüm. Sağ olsun dövlətimiz, sağ olsun Cənab Prezident. Məni o düşmənlərin əlində qoymadılar... Şükür indi evimdə, ailəmin yanındayam. İnanıram ki, hər şey daha da yaxşı olacaq. Heç nə üçün peşman deyiləm. Yenə olsa, yenə çağırsalar, yenə gedərəm.

- Yenə əsir düşsən bəs...

- Qismətdə varsa, ona da dözərəm. Vətən üçün hər şeyə dözərəm. Yetər ki, bu torpaqlar bir olsun, Azərbaycan bir olsun, biz bir olaq. Məqsədimiz budur.

- Bayram, müharibədə belə şeylər təbiidir. Əsir düşmək. Sən də düşdün və işgəncə gördün. Biz ümumən humanist millətik. O cümlədən əsgərimiz də. Bəs sən bir düşməni əsir götürsən, elə davranardınmi?

- Şəxsən öz adıma deyim ki, yox. Mən müsəlmanam, kişiyəm. Hərbi cinayətkar da deyiləm. İşgəncə verməzdim heç vaxt. Amma neyləyək ki, qarşımızdakı düşmən insan deyil. Onun üçün heç bir dəyər yoxdur...

- Bayram, bir daha səni təbrik edirik, gözün aydın olsun, deyirik. Müsahibə üçün də, etdiklərin üçün də, çox sağ ol. Yaxşı ki, varsan, yaxşı ki, varsınız.

- Çox sağ olun, minnətdaram. Xoşdu. Allah hər kəsdən, millətimdən razı olsun. Təki, istəyimizə nail olaq, qalan hər bir şey düzələsi məsələlərdir. Vətən sağ olsun.