Bu aydan bütün işçilərin maaşından tutulacaq
01.01.2021
Bu aydan etibarən işçilərin əməkhaqlarından tutulmağa başlanılacaq.
DM-in məlumatına görə bu, "Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsi haqqında” qanun layihəsində öz əksini tapıb.
"Tibbi sığorta haqqında” Qanunun 16-4.4-cü maddəsinə əsasən, 2021-ci il yanvarın 1-dən muzdla işləyənlər üzrə bütün işəgötürənlər tərəfindən, o cümlədən, dövlət büdcəsindən maliyyələşən təşkilatlar tərəfindən işçilərin əməkhaqlarının 2 faizi həcmində, 8 000 manatdan yuxarı əməkhaqlarından 0,5 faiz həcmində icbari sığorta haqqı tutulacaq.
Bununla əlaqədar olaraq, dövlət büdcəsindən maliyyələşən təşkilatlarda çalışanlar üzrə icbari tibbi sığorta haqlarının maliyyələşdirilməsi üçün 2021-ci ilin dövlət büdcəsində 105,9 milyon manat məbləğdə vəsait nəzərdə tutulub. Bu məbləğ Naxçıvan Muxtar Respublikası büdcəsində nəzərdə tutulan 4,8 milyon manat vəsait də nəzərə alınmaqla əsas götürülüb.
2021-ci ilin dövlət büdcəsində İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə icbari tibbi sığortanın ölkənin inzibati ərazi vahidləri üzrə tətbiqi ardıcıllığına uyğun olaraq sığorta haqqının və icbari tibbi sığorta ilə əhatə olunmayan inzibati ərazi vahidlərinin səhiyyə xərclərinin maliyyələşdirilməsinə və əhalinin sağlamlığının qorunması sahəsində bir sıra tədbirlərin maliyyə təminatı üçün 1 milyard 44,7 milyon manat vəsait proqnozlaşdırılır.
Qeyd edilib ki, 2020-ci ilin yanvar ayından etibarən Naxçıvan Muxtar Respublikasında və ölkənin 23 şəhər və rayonunda icbari tibbi sığortanın tətbiqinə başlanılmış və 2021-ci ilin yanvar ayından etibarən mərhələlərlə ölkənin digər 36 şəhər və rayonunda - Gəncə, Naftalan və Şirvan şəhərləri, Qazax, Ağstafa, Tovuz, Şəmkir, Gədəbəy, Daşkəsən, Samux, Göygöl, Goranboy, Xocalı, Beyləqan, Xocavənd, Ağcabədi, Laçın, Bərdə, Füzuli, Ağdam, Tərtər, Kəlbəcər, Astara, Lənkəran, Lerik, Yardımlı, Masallı, Cəlilabad, Neftçala, Biləsuvar, Cəbrayıl, Salyan, İmişli, Saatlı, Sabirabad və Hacıqabul rayonları), 2021-ci ilin aprel ayından isə qalan yeddi şəhər və rayonunda - Bakı, Sumqayıt, Xankəndi şəhərləri, Abşeron, Qubadlı, Zəngilan və Şuşa rayonları, yəni ölkənin bütün ərazisində icbari tibbi sığortanın tətbiqi nəzərdə tutulur.