03 12 2024-cu il Bakı 7 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

S.Lavrov: vəziyyətin normallaşması meyli müşahidə olunur

30.12.2020


Dağlıq Qarabağ münaqişəsi zonasında vəziyyətin normallaşması meyli müşahidə olunur.

Rusiyanın Xarici işlər naziri Sergey Lavrov bu fikri TASS agentliyinə müsahibəsində söyləyib. Nazirə sual veriblər ki, Rusiya, Azərbaycan və Ermənistan liderləri Qarabağda vəziyyətə dair bəyanat imzalayandan sonra regionda yenidən atışma ilə bağlı insidentlər olması ilə əlaqədar Rusiya sülhməramlıların gələn il tərəflər arasında atəş xəttinə düşə biləcəklərindən ehtiyat etmirmi? S.Lavrov bu sualın cavabında qeyd edib ki, tərəflərin birgə bəyanatında təsbit olunmuş bütün razılaşmalara dönmədən riayət edilməlidir.

Nazir deyib: "Məmnuniyyətlə bildiririk ki, Bakı və Yerevan öz üzərlərinə götürdükləri öhdəlikləri yerinə yetirmək, bütövlükdə vəziyyəti sabitləşdirmək əhvalındadır. "Quruda” yaranan məsələlərin həllində tərəflərin əməkdaşlığa meyl etməsi müşahidə olunur. Rusiya da öz növbəsində atəşkəsin qarantı funksiyasını məsuliyyətlə və səmərəli şəkildə yerinə yetirməkdə davam edir. Hələlik rusiyalı sülhməramlılara münasibətdə təxribat hərəkətləri qeydə alınmayıb”.

RF XİN rəhbərinin fikrincə, təmas xəttində hələlik yeganə ciddi pozuntu dekabrın 13-də, rusiyalı sülhməramlıların olmadığı yerdə qeydə alınıb. S.Lavrov deyib: "Bizim sülhməramlı kontingentin komandanlığı tərəfindən azərbaycanlı və erməni tərəfdaşlarla kontaktlarda atılan ciddi addımlar insidentin genişlənməsinin qarşısını almağa imkan verib. Atəşkəsin pozulmasına yol verməmək üçün bundan sonra da hər cür səy göstərəcəyik”.

O vurğulayıb ki, hazırda gündəlikdəki əsas məsələlər - atəşkəs rejiminin hər hansı şəkildə pozulmasına yol verməmək, ərazini partlayış təhlükəli əşyalardan təmizləmək, hərbi əsirlərin və həlak olanların cəsədlərinin mübadiləsi, qaçqınların və məcburi köçkünlərin qayıtmasının təhlükəsizliyinin təmin edilməsi, kəskin humanitar məsələlərin həlli, tarixi abidələrin konfessional mənsubiyyətindən asılı olmayaraq onların qorunub saxlanması, nəqliyyat və iqtisadi əlaqələrin bərpası məsələləridir. Bütün bu istiqamətlər üzrə müəyyən müsbət dəyişikliklər var, lakin vəziyyətin qeyri-ordinar olması nəzərə alınmaqla labüd olan problemlər də yaranır.